"Bəli, doğru məlumatdır. "Neftçi"dən bir neçə gün öncə ayrılmışam".
Bu sözləri Fanat.Az-a açıqlamasında "Neftçi"nin akademiyasının koordinatoru vəzifəsini tərk edən Elşad Əhmədov deyib.
54 yaşlı mütəxəssis 2021-ci ildən çalışdığı postu ilə vidalaşmasına belə şərh edib:
"Düşünürəm ki, 4 il ərzində əməkdaşlığımız hər iki tərəf üçün səmərəli alındı. Amma hər başlanğıcın bir sonu var. Rəhbərliklə söhbət etdik və qarşılıqlı razılıqla yollarımızı ayırmaq qərarına gəldik".
Qeyd edək ki, 54 yaşlı mütəxəssis futbol oynadığı dönəmdə "Avtomobilçi" (Mingəçevir, 1987), "Neftçi" (1987-1988), "Qarabağ" (Ağdam, 1989-2001) klublarında çıxış edib. O, 1992-1994-cü illərdə Azərbaycan millisində 10 matça çıxıb. Sabiq müdafiəçi 1987-ci ildə "Neftçi" ilə gənclər arasında SSRİ çempionu, 1993-cü ildə "Qarabağ"la Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Məşqçiliyə futbolçu karyerasını başa vurduğu "Qarabağ"da (2001-2002) başlayan Əhmədov daha sonra "MKT-Araz" (İmişli, 2004-2005), "İnter"in U-15 (2008-2010), əvəzedici (2010-2011), "Neftçi"nin əvəzedici (2011-2014, 2017-2018), U-17 (2015-2016), U-19 (2016-2017), "Xəzər" (2017-2018), "Sabah"ın əsas (2018-2019), U-19 (2019-2020) komandalarını çalışdırıb.
PRO kateqoriyalı məşqçi "Neftçi"ni 2012-ci ildə əvəzedici komandaların, 2016-cı ildə U-17 Liqasının qalibi edib. 2018-ci ildə isə "Xəzər"ə I Divizionun çempionluğunu qazandırıb.
Nihat