Ötən ay Xankəndi şəhərində keçirilən Şuşa Qlobal Media Forumunda iştirak edən litvalı hərbi jurnalist Riçard Lapaitis Qarabağ müharibəsinin unudulmuş qəhrəmanlarından biri - İrada Ağamirova Rəhilovanın həyatından bəhs edib.
Modern.az-ın məlumatına görə, o, paylaşımında sadə görünüşlü, lakin böyük ruh sahibi bir qadını təsvir edir.
“O, pəncərə kənarında dayanmışdı və poçt markalarına baxırdı. Bir çoxları yanından keçdi, bəlkə də hekayəsi diqqətdən kənarda qaldı. Amma o, bir tarix idi”, - jurnalist qeyd edir.
İrada xanım 1982-ci il yanvarın 10-dan Ağdam poçtunda işə başlayıb. Uzun illər ərzində onun əllərindən minlərlə məktub keçib: “Bağışla, səni sevirəm, gözləyirəm” sözləri ilə dolu məktublar...
Daha sonra o, Şuşa şəhər poçt şöbəsinin müdiri olub. İşğala - 1992-ci il mayın 8-nə qədər bu vəzifədə çalışıb. “O, şəhəri ən son tərk edənlərdən biri olub. Poçt son günə qədər işləyib. Bu, bir xalqın inamı, gözləntisi, göz yaşları idi”, - jurnalist qeyd edib.
Şuşa işğal edildikdən sonra İrada xanım könüllü olaraq cəbhəyə yollanıb və Azərbaycan əsgəri kimi xidmət edib. Və 2025-ci ildə o, yenidən Şuşadadır, yenə də poçtda çalışır.
“Bəlkə də, bir məktub elə Şuşanın özündən gəlmişdi. Məktubda yazılmışdı: "Sən nə qədər gözləyirsənsə, mən də o qədər gözləyəcəyəm!”, - Lapaitis qeyd edib.
Jurnalist bildirib ki, İrada xanım əsl qəhrəmanlıq nümunəsidir:
“Məktub yazın... Cavab gəlməsə belə yazın. Ancaq məktublarda biz özümüz ola bilirik. Ümid göndərin, inam göndərin – necə ki, vaxtilə İrada xanım öz doğma Şuşasına ümid göndərmişdi…”.