AZ

Avropanın cənubunu anomal isti hava dalğası bürüyüb

Cənubi Avropa 1960-cı illərdən bəri ən uzunmüddətli və həddindən artıq isti hava dalğası ilə üzləşib.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, İspaniya və Portuqaliyada havanın temperaturu kritik +36 ilə +44 dərəcə Selsi həddinə çatır. Bu, əhalinin sağlamlığı və ekosistemlər üçün ciddi təhlükə yaradır.

Pireney yarımadasında bazar ertəsi və çərşənbə axşamı anomal istilərin pik həddə çatacağı gözlənilir. Milli meteoroloji xidmətlər İspaniyanın Kantabriya və Kanar adaları istisna olmaqla, demək olar ki, bütün regionlar üçün əlverişsiz hava şəraiti ilə bağlı “qırmızı xəbərdarlıq” edib.

Klimatoloqlar hava anomaliyasını Şimali Afrikadan gələn isti hava kütlələrinin təsiri ilə izah edirlər. Bu həftənin sonuna qədər davam edəcək isti havalar regionun sakinlərinə rahatlıq verməyəcək.

Ekstremal temperatur fonunda artıq Portuqaliyanın Duero çayı vadisində meşə yanğınları başlayıb və bu, hakimiyyət orqanlarını yerli əhalinin təcili təxliyəsini həyata keçirməyə məcbur edib. Bütün fövqəladə hallara müdaxilə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bu yay İspaniya artıq ikinci ifrat isti hava dalğası ilə üzləşib. Eyni zamanda, həddindən artıq istilər bütün Cənubi Avropanı bürüyüb.

Şimal ölkələri də qeyri-adi temperatur rekordları ilə üzləşib. Finlandiyada iyul ayında üç həftə ardıcıl olaraq temperatur +30°C-dən aşağı düşməyib, İsveçdə isə 12 gündür ki, fasiləsiz qızmar havalar davam edir.

Mütəxəssislər baş verənləri qlobal iqlim dəyişikliyi ilə əlaqələndirir, ekosistemlər və insan sağlamlığı üçün mümkün ciddi nəticələr barədə xəbərdarlıq edirlər. Alimlərin fikrincə, bu cür ekstremal hava hadisələri dəyişən iqlim şəraitində yeni normaya çevrilə bilər.

Seçilən
3
3
yeniazerbaycan.com

4Mənbələr