AZ

“Dünyanın heç bir ölkəsində ödənişli yol gəlir mənbəyi kimi istifadə olunmur” - Hüquqşünas AÇIQLADI

“Avtomobil yolları haqqında” Qanuna əsasən, ödənişli yollar olmalıdır, sadəcə bir şərt var ki, ödənişli yola alternativ ödənişsiz yol olmalıdır. Ödənişsiz yol da rahat, təhlükəsiz, standartlara uyğun qurulmalıdır. Dünya təcrübəsinə əsasən, müəyyən istiqamətlərdə ödənişli yollar adətən birləşdirici funksiya daşıyır. Əsas işgüzar mərkəzləri birləşdirən yollar adətən ödənişli olur. Ödənişli yollar daha kəsə olur, yaşayış məntəqələrindən yan keçirlər, buna görə sürət həddi də əlverişli olur.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Musavat.com-a hüquqşünas Ərşad Hüseynov bildirib.
 
 
O qeyd edib ki, avtomobil yolları üçün nəzərdə tutulan ödənişin əsas hədəfi yoldan böyük məbləğdə pul qazanmaq deyil:
 
“Daxil olan vəsait yolun cari saxlanması üçün istifadə olunur. Cari saxlanmaq dedikdə texniki vasitələr köhnələndə, yaxud sıradan çıxanda onları əvəz etmək, asfalt, yaxud qeyri-yol örtüyündə aşınma olduqda onları bərpa etmək və s. nəzərdə tutulur.
 
Dünyanın heç bir ölkəsində ödənişli yol gəlir mənbəyi kimi istifadə olunmur. Buna görə də elə tariflər müəyyən edilir ki, yoldan istifadə edənlər olsun. Tariflər yüksək olarsa, sürücülər alternativ ödənişsiz yoldan istifadə etməyə üstünlük verəcəklər. Bakı-Quba-Rusiya sərhədi yolu istiqamətində Xaçmaz rayonu ərazisində olan 100 kilometrlik hissə ödənişlidir.
 
Ələt-Astara yolu tikilərkən belə bir xəbər yayıldı ki, yol ödənişli olacaq. Həmin yolun Salyan rayonunun ərazisindən cənuba doğru olan hissəsində ödənişsiz yol var. O hissə bərpa olunsa, ödənişli olacaq”.
 
Ə.Hüseynovun fikrincə, ödəniş tarifləri elə tətbiq olunmalıdır ki, hər kəs istifadə edə bilsin:
 
“Beynəlxalq daşımalarda istifadə olunarkən də yol əlçatan olmalıdır. Yeri gəlmişkən, qonşu dövlətlər-Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda və dünyanın demək olar ki, bütün dövlətlərində ödənişli yollar var. Əsas hədəf uzaq yerlərə gedən nəqliyyat axınlarını tənzimləmək, digər yolların çox yüklənməməsinə nail olmaqdır. Bu arada ölkəmiz coğrafi baxımdan tranzit dəhliz rolunu oynayır. Ələt-Astara yolu eyni zamanda şimal-cənub istiqamətində əsas daşımaların tərkib hissəsidir. Rusiya sərhədindən İrana qədər bu yoldan istifadə etmək mümkündür. Buna görə də bu yola xüsusi diqqət yetirilməlidir.
 
Alternativ yol da yüksək səviyyədə bərpa olunub istismara verilməlidir. Hər hansı yolun ödənişli olması təbii ki, xərcin artması deməkdir. Hər bir halda ödənişli yoldan istifadə səfər müddətini qısaldır, ödənişsiz yoldan istifadə isə bu müddəti artırır”.
Seçilən
0
moderator.az

1Mənbələr