Olaylar.az xəbər verir ki, The New York Times qəzetinin yazdığına görə, əgər HƏMAS bu şərtləri yerinə yetirməzsə, İsrail Qəzza zolağında hərbi əməliyyatların miqyasını genişləndirəcək.
Məlumata görə, İsrail tərəfi HƏMAS-dan azı 20 diri israilli girovun dərhal azad olunmasını, əvəzində isə İsrail həbsxanalarındakı fələstinli məhbusların sərbəst buraxılmasını tələb edir. Bundan əlavə, HƏMAS-ın 30 nəfər həlak olmuş girovun cəsədini geri qaytarması və gələcəkdə silahlı mübarizədən imtina edəcəyi gözlənilir.
HƏMAS nümayəndəsi Mahmud Mardavi qəzetə bildirib ki, təşkilat silahı yerə qoymayacaq: "Əvvəldən tələbimiz bu olub - müharibənin dayandırılması, məhbusların azad edilməsi və Qəzza üçün ümumi razılaşma."
Xatırladaq ki, iyulun 27-də HƏMAS-ın Qəzzadakı lideri Xalil əl-Həyyə blokada şəraitində İsraillə danışıqların mənasız olduğunu bəyan etmişdi. Bu bəyanatdan sonra Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən nümayəndə heyətinin geri çağırılmasına göstəriş vermişdi. ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff da HƏMAS-ın son cavabının atəşkəsə marağın olmadığını göstərdiyini bildirərək, amerikalı danışıqlarçılarının da Dohadan geri çağırıldığını elan etmişdi.
Fələstinli radikallar isə bu qiymətləndirmə ilə razılaşmadıqlarını bildiriblər. Onların sözlərinə görə, digər vasitəçilər HƏMAS-ın cavabını "konstruktiv" hesab edib və onu dəstəkləyiblər.