Cənubi Koreya hakimiyyəti ölkənin Şimali Koreya ilə sərhədində yerləşdirilmiş və Pxenyana qarşı təbliğat yayımı edən səsgücləndiricilərin sökülməsinə başlayıb.
Sfera.az bildirir ki, bu barədə Seulun Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü Li Kyonq-ho bununla bağlı bu gün keçirilən mətbuat konfransında çıxış edərək bildirib:
“Bu gündən etibarən ordu səsgücləndiricilərin demontajına başlayıb”.
Xatırladaq ki, Prezident Li Ce Myonq iyun ayında vəzifəsinin icrasına başladıqdan az sonra Şimala qarşı yönəlmiş təbliğat yayımını dayandırmaq barədə göstəriş vermişdi. Bu addım Pxenyanla dayandırılmış dialoqu bərpa etməyə yönəlib.
Bununla belə, Şimali Koreya Seulun sülh mesajlarına müsbət cavab verməyərək, Cənubi Koreya ilə dialoqda maraqlı olmadığını bildirib.
Qeyd edək ki, 1950–1953-cü illərdə baş vermiş Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, yalnız atəşkəs sazişi ilə başa çatdığından, iki ölkə rəsmi olaraq hələ də müharibə vəziyyətindədir. Son illərdə isə tərəflər arasında münasibətlər daha da gərginləşib.
İnci