Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi olaraq 2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsini həyata keçirmişik.
Layihənin məqsədi Xaçmaz, Qusar və Quba rayonunda istehsal və satış fəaliyyəti ilə məşğul olan 60 nəfər mikro, kiçik və orta sahibkarlıq subyektlərinin xarici bazarlara istiqamətləndirilməsi üçün Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin xarici bazar araşdırmaları mexanizmləri, xarici sərgilərdə iştirak, sertifikatların alınması üçün müraciət qaydaları və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Vahid İxrac Ərizəsi, Sərbəst Satış Sertifikatının alınması, azexport.az portalları haqqında maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi olmuşdur.
Layihənin icrası zamanı müşahidələrimiz göstərdi ki, bir çox sahibkar istehsal etdikləri məhsulların dövlət tərəfindən alınmasını və satılmasını istəyir. Layihə iştirakçılarının əksəriyyəti sahibkarlara xidmət göstərən dövlət təşkilatlarının dəstək mexanizmləri barədə məlumatsızdır. Onlar eyni zamanda təşkilatlanmaqda maraqsızdırlar.
Problemlərin bariz nümunəsi kimi qeyd edə bilərik ki, Xaçmaz rayonunda pomidor yetişdirən kiçik sahibkarlar məhsullarını sata bilmirlər.
Dünya təcrübəsinə baxdıqda görürük ki, müxtəlif məhsul istehsalçılarının ictimai birlikləri var və onlar kiçik istehsalçılar olduğu üçün ixrac imkanlarını birləşdirirlər. Çox təəssüf olsun ki, Xaçmaz rayonu tərəvəzçilik, xüsusilə də pomidor istehsalı sahəsində ixtisaslaşsa da, burada tərəvəz və ya pomidor istehsalçılarının hər hansı İctimai Birliyi yoxdur.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçısı əsasən kiçik sahibkarlardır və buna görə də onların birgə ixrac imkanlarına mane olan amillər və çətinliklərin araşdırılmasına ehtiyac var.
Qeyd etmək istəyirəm ki, ölkəmizdə mikro və kiçik sahibkarların birgə ixrac modeli və dövlət xidmətlərinə çıxış problemlərinin keyfiyyət tədqiqat metodu ilə araşdırılması lazımi səviyyədə həyata keçirilməmişdir. Bu sahəyə orta və böyük tədqiqat qrantlarının ayrılmasını zəruri hesab edirəm.
Sənan Yəhya
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri