AZ

Əli Dadaşzadə: “Süni intellekt texnologiyaları bankların maliyyə proqnozlaşdırmasında əvəzolunmaz alətə çevrilib” - MÜSAHİBƏ

Hazırkı iqtisadi sistemdə bank sektorunun davamlı inkişafı və beynəlxalq bazarlarla inteqrasiyası üçün şəffaf və səmərəli maliyyə idarəetməsi əsas şərtlərdən biridir. Xüsusilə son illərdə maliyyə texnologiyalarının sürətlə inkişafı, rəqəmsallaşma proseslərinin genişlənməsi və beynəlxalq tənzimləyici çərçivələrin təkmilləşməsi bankların maliyyə və mühasibatlıq funksiyalarını tamamilə yenidən nəzərdən keçirməsini zəruri edib.

Bu çərçivədə Azərbaycan bank sektoru da müasir çağırışlara cavab vermək və beynəlxalq standartlarla ayaqlaşmaq məqsədilə ciddi islahatlar həyata keçirir. Mərkəzi Bankın təşəbbüsləri və Azərbaycan Banklar Assosiasiyasının (ABA) koordinasiyalı fəaliyyəti nəticəsində maliyyə hesabatlarının unifikasiyası, rəqəmsal alətlərin tətbiqi və risklərin daha effektiv qiymətləndirilməsi istiqamətində mühüm addımlar atılır.

ABA-nın Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupunun rəhbəri Əli Dadaşzadə “Report”a müsahibəsində maliyyə və mühasibatlıq sahəsinin bank sektorundakı rolu, rəqəmsal texnologiyaların tətbiqi, beynəlxalq maliyyə standartları ilə sinxronlaşma prosesi, hüquqi və institusional islahatlar barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Maliyyə və mühasibatlıq sahəsinin bank sektorundakı rolu və önəmi barədə fikirləriniz ilə bölüşərdiniz?

- Maliyyə və mühasibatlıq sahəsinin bank sektoru üçün önəmi çoxşaxəli və strateji xarakter daşıyır. Bu sahələr bankların dayanıqlı inkişafı, şəffaf fəaliyyət göstərməsi və tənzimləyici normalara uyğunluğu üçün əsas sütunlardır. Bank sektorunda maliyyə və mühasibatlıq sahəsinin daim inkişaf etdirilməsi və beynəlxalq təcrübə ilə zənginləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

- Hazırda bank sektorunda maliyyə və mühasibatlıq sahəsində beynəlxalq standartlar və müasir texnologiyalar necə tətbiq olunur? Azərbaycanda bu istiqamətdə hansı yeniliklər mövcuddur?

- Müasir dövrdə maliyyə və mühasibatlıq sahəsində əsas yeniliklər avtomatlaşdırılmış sistemlər, analitik məlumatlara əsaslanan qərarvermə və real vaxt rejimində hesabatların təqdim olunması ilə xarakterizə olunur. Süni intellekt və RPA (Robotlaşdırılmış proses avtomatlaşdırması) texnologiyaları bu prosesləri daha şəffaf və məhsuldar edir. Nəticə etibarilə, banklar həm xərcləri daha effektiv şəkildə idarə edə bilir, həm də operativ qərarvermə imkanlarını genişləndirirlər.

- Beynəlxalq standartlar və texnologiyalar necə tətbiq olunur? Azərbaycanda bu istiqamətdə hansı yeniliklər mövcuddur?

- Qlobal maliyyə sistemləri sürətlə transformasiya olunur: beynəlxalq mühasibat uçotu standartlarına riayət edilməsi zəruridir, eyni zamanda süni intellekt, RPA və blokçeyn kimi qabaqcıl texnologiyalar bank fəaliyyətlərinin avtomatlaşdırılması və analitik qərar qəbuletmədə mühüm rol oynayır.

Azərbaycan bank sektoru da bu istiqamətləri tətbiq etməyə başlamış və strateji addımlar atır. Məsələn, RPA texnologiyası sektorda artıq geniş tətbiq edilir və bu da hesabatların hazırlanması, əməliyyatların avtomatlaşdırılması və risk monitorinqində istifadə edilə biləcək böyük potensialdır. Son dövrlərdə Mərkəzi Bankın yeni təşəbbüsləri və tənzimləyici bazadakı yeniliklər bu prosesə əlavə dinamika qatır.

- Ekspert qrupu bu sahədə hansı tədbirləri həyata keçirir? Koordinasiya və nəzarət mexanizmləri necədir?

- Maliyyə və mühasibatlıq sahəsində beynəlxalq standartların tətbiqi, hesabatlılığın artırılması, rəqəmsal transformasiya və tənzimləyici uyğunluq çağırışları fonunda bank sektorunda peşəkar bilik və təcrübə mübadiləsinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupu sektorun təkmilləşməsinə dəstək verən vacib platformalardan biridir.

Maliyyə hesabatlarının strukturunun unifikasiyası, hesabat formatlarının uyğunlaşdırılması, tənzimləyici orqanlara təqdim olunan məlumatların standartlaşdırılması məqsədilə üzv bankların nümayəndələri ilə müzakirələr aparılır. Ekspert qrupu təkcə informasiya mübadiləsi platforması deyil, həm də bank sektorunda beynəlxalq standartlara uyğun transformasiyanı təşviq edən strateji məsləhət və inkişaf alətidir. Güclü koordinasiya, strukturlaşdırılmış planlama və nəticəyə əsaslanan yanaşma bu Qrupun fəaliyyətini daha da effektiv edir.

- Rəqəmsal texnologiyaların rolu nə dərəcədədir? Hansı innovasiyalar vacib sayılır?

- Son illərdə qlobal bank sektoru sürətli rəqəmsal transformasiya prosesindən keçir. Rəqəmsallaşma təkcə müştəri xidmətlərini deyil, eyni zamanda daxili idarəetmə, mühasibat uçotu və hesabatlıq sistemlərini də əsaslı şəkildə dəyişir. Əməliyyatların optimallaşdırılması, xərclərin azaldılması və real vaxt rejimində qərarvermə üçün rəqəmsal texnologiyaların rolu misilsizdir. Azərbaycan bank sektoru da bu dəyişikliklərə sürətlə inteqrasiya olmağa çalışır. Bankların gündəlik fəaliyyətlərində çoxsaylı təkrarlanan əməliyyatlar mövcuddur. Bu işlərin insan tərəfindən yerinə yetirilməsi vaxt və resurs itkilərinə səbəb olur. Robotlaşdırılmış prosesin avtomatlaşdırması belə çətinliklərin azalmasına xidmət edir. Süni intellekt texnologiyaları bankların maliyyə proqnozlaşdırmasında, rentabellik təhlilində və xərclərin optimallaşdırılmasında əvəzolunmaz alətə çevrilib. Məsələn, müştəri davranışlarının təhlili və məhsul rentabelliyi süni intellekt vasitəsilə daha səmərəli modelləşdirilir. Banklar bu texnologiyaları yalnız tətbiq etməklə kifayətlənməməli, eyni zamanda insan resurslarını bu transformasiyaya uyğunlaşdırmalı və tənzimləyici uyğunluğu daim təmin etməlidirlər.

- Dünyadakı yeniliklər Azərbaycan bankçılığı ilə sinxronlaşırmı? Bu istiqamətdə çətinliklər və imkanlar hansılardır?

- Azərbaycan bank sektoru qlobal maliyyə standartlarına uyğunlaşma yolundadır. Lakin bəzi hallarda texnoloji infrastruktur və hüquqi baza bu keçidi tam sürətləndirməyə imkan vermir. Buna baxmayaraq, sektorun adaptasiya qabiliyyəti yüksəkdir və bu, beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradır.

- Ekspert qrupunun qanunvericilik sahəsində rolu nədən ibarətdir? Bununla bağlı hansı islahatlara ehtiyac var?

- Müasir bankçılıq yalnız maliyyə əməliyyatlarının həyata keçirilməsi deyil, həm də normativ çərçivələrə daim uyğunlaşma tələb edən mürəkkəb bir fəaliyyət sahəsidir. Bank sektorunda şəffaflıq, risklərin idarə olunması və hesabatlılığın təmin olunması üçün güclü hüquqi baza vacibdir.

Ekspert qrupu bank fəaliyyətinə aid olan yeni qanun və qaydaların hazırlanması zamanı təkliflər vermək, mövcud layihələri təhlil etmək və praktiki təkliflərlə çıxış etməyi hədəfləyir.

- Mühasibatlıq və hesabatlığın şəffaflığı rəqabət qabiliyyətinə necə təsir edir? Ekspert Qrupu buna necə töhfə verir?

- Qloballaşan və getdikcə daha şəffaflaşdırılan maliyyə bazarlarında bankların rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri mühasibatlıq və hesabatlılıq sistemlərinin keyfiyyəti və şəffaflığıdır. Yalnız operativ fəaliyyətlə deyil, həm də maliyyə məlumatlarının düzgünlüyü və etibarlılığı ilə seçilən banklar bazar iştirakçıları, investorlar və tənzimləyici orqanlar tərəfindən üstünlük qazanırlar.

Yaxşı qurulmuş mühasibatlıq sistemləri bank rəhbərliyinə daha çevik və əsaslandırılmış qərarlar verməyə imkan verir. Beynəlxalq maliyyə institutları (məsələn, IFC, EBRD) ilə əməkdaşlıq üçün şəffaf mühasibatlıq ön şərt kimi qəbul olunur. Beynəlxalq standartlara uyğunluq və şəffaf maliyyə hesabatları banklara yerli və xarici investorlar mövqeydindən daha cəlbedici imkanlar yaradır.

Mühasibatlıq və hesabatlığın şəffaflığı bank sektorunun beynəlxalq inteqrasiyası, investor etimadı və rəqabət üstünlüyü baxımından strateji əhəmiyyət daşıyır. Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupu bu istiqamətdə həm normativ-hüquqi, həm metodoloji, həm də maarifləndirici səviyyədə mühüm töhfələr verir. Gələcəkdə bu funksiyaların daha da dərinləşdirilməsi və rəqəmsal komponentlərlə gücləndirilməsi bank sektorunun dayanıqlı inkişafı üçün vacib şərtdir.

- Şəxsi təcrübəniz Ekspert qrupunun fəaliyyətinə necə dəyər qatacaq?

- Maliyyə menecmenti departamentindəki işimiz zamanı effektiv büdcələmə, analitik hesabatlılıq, beynəlxalq standartlara uyğunlaşma və optimallaşdırma üzrə ciddi təcrübə toplamışıq. Bu təcrübə Ekspert qrupuna daha sistemli, praktiki və strateji yanaşmalar təqdim etməyə imkan verir. Həmçinin, komanda əməkdaşlığı və proses təkmilləşməsi sahəsində tətbiq etdiyimiz nümunələr ümumi sektor üçün faydalı ola bilər.

- Gələcəkdə bu sahədə hansı yenilikləri görmək istərdiniz? Ekspert qrupunun planları nələrdir?

- Bank sektorunda maliyyə və mühasibatlıq funksiyaları sürətlə transformasiyaya məruz qalır. Qlobal tələblər, texnoloji inkişaf, tənzimləyici dəyişikliklər və ESG (ətraf mühit, sosial məsuliyyət, korporativ idarəetmə) kimi yeni çağırışlar bu sahədə yenilənmiş yanaşmalar tələb edir. Süni intellekt və maşın öyrənməsi (machine learning) əsasında gəlirlilik analizi, risk proqnozları və xərc optimallaşdırması kimi sahələrdə qərarvermədə daha da geniş tətbiq edilə bilər. Gələcəkdə ESG indikatorlarının maliyyə hesabatlarına paralel olaraq təqdim olunması sektorun beynəlxalq maliyyə mərkəzləri ilə uyğunluğunu təmin edə bilər.

Bank sektorunda maliyyə və mühasibatlıq sahəsi strateji qərarvermənin əsas dayağına çevrilməkdədir. Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupu texnoloji inteqrasiyanın təmin edilməsi istiqamətində konkret və praktik addımlar atmağa hazırlaşır

Seçilən
103
report.az

1Mənbələr