AZ

Elçinin o əsəri nə zaman çap olunacaq? - Sandıq ədəbiyyatı?..

BAKI, 4 avqust. TELEQRAF

Yazıçı Elçinlə iki dəfə müsahibə götürmək qismətimin birincisi onun 50 illiyinə (1993-cü ilə) düşmüşdü. Dostumuz Fəxri Uğurluyla birgə, əslində birbaşa onun vasitəçiliyiylə, İçərişəhər metrosuyla üzbəüz, "Vətən" Cəmiyyətininin binasında görüşmüşdük.

Elçin Fəxrini əvvəldən tanıyırdı, haqqında vaxtilə "Azərbaycan gəncləri"ndə "Uğurlu yol" yazmışdı, bu baxımdan 90-cı illərin ən mürəkkəb dövründə Elçin müəllim "Yol" ədəbiyyat qəzetinə müsahibəyə razılaşdı, amma qəti şərt qoydu: müsahibənin mətninə baxacaq. Baxdı, xeyli dəyişiklər etdi.

İkinci dəfə ötən ilin sonunda Teleqraf üçün müsahibə aldıq, kübarlığın, intellektuallığın gizlədə bilmədiyi, huyuna-xasiyyətinə uyğun qəti diktat atmosferdə yenə mətnə baxacağını söylədi. Amma xeyli yumşalmışdı da...
Sonda "Baş" romanını hələ oxumadığımdan xəbərdar olanda"Bunu əvvəldən bilsəydim, müsahibə verməzdim" deməkdən də özünü saxlamadı.

Post-müsahibə söhbətlərində (əsas söhbət elə budu!) Fəxrini xatırladıq(m), birdən yaddaşında hansısa epizod basırıqdan çıxdı.
***
Mir Cəfər Bağırov! Müsahibə ərəfəsində "Ölüm hökmü" romanının müəllifinin Bağırovla bağlı irihəcmli silsilə məqalələri çıxmışdı, intervüdə bu barədə də sual verdik. Mənim üçün bir məsələ qaranlığıdı, indi də qaranlıqdı - "Ölüm hökmü"ndə Mir Cəfərin birmənalı “pis diktator” obrazını yaratmış 82 yaşlı yazıçını bu personaya, bu ünvana, bu mövzuya təkrar dartıb gətirən nədi?

Bu silsilə məqaləsində yazıçı sovet diktatoruna münasibətdə bir qədər mərkəzə çəkilməklə onun haqqında “pisləriylə bərabər yaxşıları da vardı” təəssüratı yaratmaqdan yana dəlil-sübut toplamağa çalışmışdı. Bu dəlil-sübutlar arasında Bağırovla qələm adamlarının münasibətini içərən əhvalat və faktlar da vardı.

Belə bir mürəkkəblik axtarışları hesabla romanda olmalıydı, deyilmi?

Yoxsa onun dünyasında klassik şair-hökmdar dilemması hələ də nizama salınmamış qalırdı?

Yeri gəlmişkən, toplummuzda bölgə mənsubiyyətinin mövqe və təfəkkrümüzdəki rolunu nəzərə alıb, Elçinin ana tərəfdən Qubaya bağlı olduğunu qeyd eləməyi də lazım bildim.

Elçinin yaradıcılığı sözün həqiqi mənasında çoxşaxəli, çoxjanrlı, yəni rənagərəngdi. Hekayələri də var, romanları da, pyesləri də, yol qeydləri də, tənqidi məqalələri də. Hətta elmlər doktoru kimi monoqrafiyası da kitab halında çap olunub.

Vaxtilə Türkiyə səfərindən qeydləri ölkədə maraqla qarşılanmışdı. Sosial povestləri bir elə mənim ilgimi çəkməmişdi, "Gümüşü furqon"un və ya “Ağ dəvə”nin romantikası da mənə yapışmamışdı. Təbii ki, oxumuşdum. “Poçt şöbəsində xəyal” pyesində məkan seçiminə heyranıydım.

Elçin nəsrinin koduna “On ildən sonra” hekəyəsiylə düşdüm! Sonra "Qatar. Pikasso. Latur. 1968", “Beşqəpiklik motosikl”, “Şuşaya duman gəlir” kimi hekayələri düzüldü. Kim nə deyir-desin, “Baldadaşın ilk məhəbbəti” çox yaxşı hekayədi.

“Gül dedi bülbülə” povestini jurnaldan oxumuşdum, bu da maraqlıydı. Amma bu mətndə, zənnimcə, dərin qatlar, çatlar, talelər gözə dəymir: bir epizod, vəssalam. 850 manatı restoranda xərclədin, getdi… Mətn də bitdi, əhvalat da, hadisə də.

Elçinin ən yaxşı mətni yəqin ki, “Ölüm hökmü”dü. Romanda Alber Kamyunun “Taun”uyla analogiya təşkil edən səhifələri çıxsaq (yaxud analogiyanı kənara qoysaq), metaforik məkan (Tülkü Gəldi Qəbiristanlığı), sərt-qətiyyətli tərz (Bağırov və Əbdül Qafarzadə xətləri), ironik cizgilər (şair Gülcahani) bizim epoxial yaddaşımıza bir hədiyyə təsiri bağışlayır.
Elçin bizə sonuncu müsahibəsində çap eləmədiyi əsərlərinin olduğunu söyləmişdi.

Gəldik çıxdıq mətləb üstünə. Yazıçının yaradıcılığının ən intizarlı epizodlarından biri bu anonsdu. Sandıqda saxlanan əsərin janrı, mövzusu nədi? Böyük həcmlidi, kiçik qeydlərdi, publististikadı, bədii mətndi, memuardı? Bilmirik.

Ona görə gözləməyə məhkumuq.

***
Son vaxtlar “tarixi təfəkkür” ifadəsi beynimdə qəribə bir intensivliklə dövr eləyir. Onsuz da iradəmizdən asılı olmayaraq, mövcudluğumuz məzmunla işarələnən vaxt axarına – tarixə bağlıdısa, bəs onda tarixi təfəkkür nə deməkdi?

Mənim tərifim belədi: tarixi təfəkkür tarixin üçölçülü, üçzamanlı olduğunu dərk eləmək və fəaliyyətini ona uyğun qurmaqdı – keçmişi, indini, gələcəyi nəzərə almaqla yaşamaq, var olmaq, irs yaratmaqdı.

Xalq yazıçısı Elçin artıq o dünyadadı. Bütün zamanlar onun üçün bir tərkibdə birləşdi artıq. Allah rəhmət eləsin!

P.S. Bilərəkdən dəyərli yazıçımızın adını soyadsız qeyd elədim, mən onun imzasını belə görmüşdüm, belə də qalmasını istədim...

Seçilən
10
teleqraf.com

1Mənbələr