AZ

Universitet məzunları bazarda batır

Son illər ərzində Azərbaycanda ali təhsil müəssisələrini bitirən tələbələrin sayı artmaqdadır.
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021/2022-ci tədris ilində 43 409, 2022/2023-cü ildə 46 039, 2023/2024-cü ildə isə 48 421 nəfər ali məktəbi bitirib.
 
Lakin bu artım fonunda gənclərin işsizlik problemi aktuallığını qorumaqda davam edir. Əksər işəgötürənlərin uzunmüddətli iş təcrübəsi tələb etməsi məzunlar üçün ciddi çətinlik yaradır.
 
Hazırda universitetlərdə 4 illik bakalavr təhsili çərçivəsində yalnız bir semestr istehsalat təcrübəsinə həsr olunur. Bu müddət ərzində tələbələr real iş mühiti ilə yetərincə tanış ola bilmədiklərindən, məzun olduqdan sonra əmək bazarına hazır şəkildə daxil ola bilmirlər.
 
Bundan əlavə, bəzi ixtisaslar üzrə əmək bazarının tələbatından artıq sayda kadr hazırlanması da gənclərin iş tapmaq imkanlarını məhdudlaşdırır və nəticədə bir sıra məzunlar işsiz qalır. Gənclər əllərində CV ilə iş axtarmağa məcbur olurlar.
 
 
Problemlə bağlı təhsil üzrə ekspert Ramin Nurəliyev Musavat.com-a açıqlama verib.
 
Ekspert qeyd edib ki, ali təhsil müəssisələrində müəyyən üstünlüklər və müasir tədris prosesinə uyğunlaşma müşahidə olunsa da, region ali məktəblərinə diqqət artırılsa da, əmək bazarına uyğun kadr hazırlığı hələ də istənilən səviyyədə deyil:
 
“Təcrübə proqramları həm miqyas, həm də keyfiyyət baxımından kifayət qədər effektiv deyil. İnkişaf etmiş ölkələrlə müqayisə etsək, Azərbaycanda nəzəriyyəyə daha çox üstünlük verilir. Bu səbəbdən də ali təhsil müəssisələrini bitirən gənclər əmək bazarına keçiddə çətinlik yaşayırlar”.
 
Ramin Nurəliyev pedaqoji ixtisaslar üzrə təhsil alanlardan da bəhs edib:
 
“Müəllimlik ixtisası üzrə ali təhsil müəssisəsini bitirən bir çox gənc birbaşa MİQ imtahanında iştirak etməkdən çəkinir, əvvəlcə hazırlıqlara üz tutur. Bu da ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə kadr hazırlığında müəyyən boşluqların olduğunu göstərir.
 
Bəzi ixtisaslar üzrə praktik biliklər demək olar ki, yox səviyyəsindədir. Məsələn, bəzi özəl universitetlərdə maşın mühəndisliyi ixtisası tədris olunur, lakin laboratoriya avadanlığı və praktik təcrübə imkanları yoxdur. Mütləq şəkildə karyera mərkəzləri formalaşdırılmalı, bu sahədə əsas təşəbbüs ali təhsil müəssisələrinin üzərinə düşməlidir. Universitet rəhbərləri iş dünyası ilə daimi əlaqə saxlamalı, müxtəlif ixtisaslar üzrə dövlət orqanları, şirkət və zavodlarla əməkdaşlıq quraraq tələbələrin təcrübə keçməsi üçün şərait yaratmalıdırlar.
 
Təcrübə müddətinin 1 semestr olması normal haldır. Problem 4 ildə praktik biliklərə üstünlük verməməkdədir”.
 
Təhsil üzrə ekspert əlavə edib:
 
“Beynəlxalq təcrübədə də 1 semestrlik təcrübə müddəti nəzərdə tutulur. Lakin bu, kifayət deyil. Ümumilikdə universitetlərdə praktik bacarıqların inkişafına daha çox diqqət yetirilməlidir. Məsələn, kompüter yönümlü ixtisaslarda laboratoriya bilikləri inkişaf etdirilməli, müasir texnoloji avadanlıqlarla işləmə bacarıqları tələbələrə aşılanmalıdır. İT sahəsində fəaliyyət göstərən bir çox kurslar praktik biliklərə üstünlük verir. Əgər kurslar bunu bacarırsa, ali təhsil müəssisələri də bunu etməlidir.
 
“Hər bir təşkilatın rəhbəri öz təşkilatını həm zirvəyə, həm də uçuruma apara bilər”
 
Ramin Nurəliyev qeyd edib:
 
“Ali təhsil müəssisələrinin rəhbərləri nə vaxtsa hər hansı bir təşkilata müraciət edib və həmin təşkilatdan imtina cavabı alıbmı? Dəfələrlə şahidi olmuşam ki, hüquq sahəsi üzrə məhkəmələrə müraciətlər müsbət qarşılanır. Burada məsuliyyət ali təhsil müəssisələrinin rəhbərlərinə düşür. Dövlət qurumları yetərincə şərait yaradır. Özəl sektor da bu sahəyə maraqla yanaşır və təcrübəli, çalışqan tələbələri əməkdaşlığa dəvət edir. Bu, həm də müəssisələr üçün işçi seçimi imkanı yaradır”.
 
Ekspert əlavə edib ki, tələbə yalnız universitet proqramı ilə kifayətlənməməlidir:
 
“Müxtəlif qurumlarda və özəl sektorda mövcud olan təcrübə proqramlarında iştirak etməlidir. Təcrübədə aktiv iştirak edən tələbələrlə digərləri arasında ciddi fərq var. Bu fərq həm karyera, həm də şəxsi inkişaf baxımından özünü göstərir. Gənclər bu istiqamətdə maarifləndirilməli və onlarda maraq yaradılmalıdır”.
Seçilən
3
moderator.az

1Mənbələr