AZ

1 milyard dollarlıq təklifi rədd etdi: Gənc dahidən gözlənilməz qərar

Avstraliyalı süni intellekt mütəxəssisi Endryu Talloç “Meta”dan edilən 1 milyard dollarlıq iş təklifini qəbul etməyib. Kənardan inanılmaz görünən bu qərar texnologiya dünyasında böyük rezonans doğurub.

News24.az xəbər verir ki, Sidney Universitetinin məzunu olan gənc 2023-cü ildə OpenAI-yə keçib. 2024-cü ilin fevralında isə OpenAI-nin keçmiş texnologiya direktoru Mira Murati ilə birgə “Thinking Machines Lab” adlı yeni bir süni intellekt startapı qurub. 

Layihənin bu gün üçün dəyəri artıq 12 milyard dolları keçib.

“Wall Street” jurnalı yazır ki, Zukerberq ilin əvvəlində həmin layihəni almaq istəyib. Lakin Talloç və şəriki Murati bu təklifi rədd edib. Bu qərardan sonra  Zukerberq gənci Meta-ya transfer etməyə çalışıb. Bunun üçün Mark ona 1 milyard dollar əməkhaqqı və bonus paketlər təklif edib. Lakin Talloç bu astronomik təklifi də geri çevirib.

“Facebook”un keçmiş rəhbərlərindən Mayk Vernal Talloçu “qeyri-adi dahi” adlandırıb.  Sözügedən şirkətdə “xüsusi mühəndis” statusuna qədər yüksələn Talloç bu sahədə yüksək nüfuza malikdir.

Qeyd edək ki, “Thinking Machines Lab”ın məqsədi süni intellekt sistemlərini daha aydın, fərdiləşdirilə bilən və daha bacarıqlı etmək məqsədi daşıyır.

Onu da deyək ki, bu, “Meta”nın rəqib şirkətlərdən mühəndis cəlb etməyə çalışdığı ilk hadisə deyil. Daha öncə “OpenAI” rəhbəri Sem Altman da qeyd edib ki, Meta bəzi işçilərə 100 milyon dollarlıq təkliflər etsə də, uğur qazana bilməyib.

Talloçun bu cəsarətli qərarı texnologiya dünyasında “puldan daha vacib məqsədlər” müzakirəsini yenidən gündəmə gətirib.

Xeyrənsə Piriyeva

Seçilən
25
1
news24.az

2Mənbələr