AZ

Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib ?

ain.az, Azpost portalına istinadən məlumat verir.

Ekosistemin tanınmış simalarından biri olan, “Portmanat” brendinin sahibi, Portcoin layihəsinin rəhbəri Telman Axundov Portcoin (PTC) kriptovalyutasının ləğv edildiyi haqqında sosial hesablarında açıqlama verib.

Düzü, çox təəccübləndim.

Dərhal da Mərkəzi Bankın bununla bağlı rəsmi məlumatını axtardım. İndiyədək də belə bir rəsmi məlumatın olmaması çox düşündürücüdür.

Çünki Portcoin layihəsi və digər 3 maliyyə layihəsi məhz Mərkəzi Bank tərəfindən dəstəklənən Sandbox layihəsi (“Xüsusi Tənzimləmə Rejimi”) çərçivəsində reallaşmışdı. Bu, Azərbaycanın kripto və maliyyə ekosistemi üçün böyük bir hadisə idi.

Portcoini istifadəçilər məhdud sayda və məhdud məbləğdə Portmanat tətbiqi vasitəsilə alqı-satqı edə, manatla dəyişə bilirdilər.

Bununla bağlı Mərkəzi Bankın ayrıca qərarı vardı. Bank rəsmilərinin iştirakı ilə böyük təqdimat məraisimi olmuşdu. İçi mən qarışıq burada çıxışlar, təbriklər, təqdimatlar etmişdik və layihəyə xeyir-dual vermişdik.

İndi görəsən birdən birə nə baş verib ?

Nə üçün Mərkəzi Bankın bu haqda rəsmi açıqlaması yoxdur ?

Göürnən odur ki, Mərkəzi Bank bu layihəni davam etdirmək istəməyib və bununla bağlı layihə rəhbərini xəbərdar edib.

Təəssüf ki layihə rəhbəri də yalnız Portcoin-in ləğv ediləcəyi və indiyədək bunla bağlı olan ödənişlərin Portmanat vasitəsilə geri qaytarılacağını açıqlayıb.

Bu, Mərkəzi Bank layihəsi olduğundan düşünürüm ki, Portcoin hesablarında olan vəsaitlərin geri qaytarılmasıyla bağlı istifadəçilər üçün heç bir narahatçılıq olmayacaq.

Amma burda digər düşündürücü məqamlar var.

Fikrimcə belə bir innovativ layihənin bağlanması təsadüfi ola bilməz.

Ola bilər ki Mərkəzi Bank hansısa ciddi riskləri görüb, yaxud da elə ehtiyatlanaraq və nəticəni gözləməyərək ləğv etməyə üstünlük verib.

Ola bilər ki, Mərkəzi Bank Portcoin-lə bağlı əvvəlcədən özünün müəyyən etdiyi limitlərin aşmasını müəyyən edib.

Tanıdığımız birjalarda Portcoin listinq edilməsə də, qlobalda blokçeyn vasitəsilə Portcoin müxtəlif yollarla alına bilərdi. Amma Mərkəzi Bank da bunu müşahidə edə bilir və əgər belə hallar olardısa bunun qarşısı alına bilərdi.

Bəlkə də MB Portcoin üçün müəyyənləşdirdiyi limitlərə nəzarət etmək imkanı olmayıb.

İstənilən halda, düşünürəm ki, belə bir innovativ layihənin ləğvi Azərbaycanın kripto və innovasiya ekosistemi üçün neqativ bir yanaşmadır.

Bu geriyə doğru addım hesab oluna bilər. Xatırladıram ki, Qazaxıstanda, Özbəksitanda, Gürcüstanda və digər region ölkələrdində kripto ekosistemin inkişafı istiqamətində ciddi addımlar atılır və qanunla tənzimlənir.

Həm də, bir neçə gün öncə Mərkəzi Bank sədri Taleh Kazımovun ekspertlərlə görüşündə mən məhz bu məsələ ilə bağlı, Sandbox-un sonunun necə olacağıyla bağlı, məhz virtual aktivlərlə bağlı sual vermişdim.

Maraqlıdır ki, Mərkəzi Bank sədri yalnız Virtual aktivlər haqqında qanun layihəsinin hazırlanmaqda olduğu və tez bir zamanda başa çatdırılacağını bildrimişdi. Sandbox layihələri haqqında fikir bildirməmişdi.

Bütün bunlardan sonar belə qanunun qəbulunun da hansı əhəmiyyəti ola biləcəyi də sual altındadır.

Düşünürəm ki, Portcoin komandasının bu layihəni batmağa qoymaması, qlobalda və regional bazarda davam etdirməsi, qlobal birjalarda listinqə çıxartması, blokçeyn əsaslı açıq birjalarda saxlaması və bunun inkişafı üçün investorlar axtarması daha məntiqli və doğru olardı.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
azpost.info

1Mənbələr