AZ

Büdcə gəlirlərinin proqnozlaşdırılmasında şəffaflıq və səmərəlilik artacaq » AzadMedia.az

Büdcə

Məşhur Məmmədov,
Millət vəkili


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 avqust tarixli qərarı ilə “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft və neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edilib. Bu dəyişiklik bir tərəfdən mövcud normativ hüquqi aktların tələblərinə uyğunlaşdırmanı təmin edirsə, digər tərəfdən gəlirlərin proqnozlaşdırılması mexanizminin daha dəqiq və şəffaf əsaslar üzərində qurulmasına xidmət edir.
Qeyd edək ki, hələ 2020-ci ildə Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar büdcə gəlirlərinin əsas istiqamətlər üzrə – neft və qeyri-neft sektorları üzrə proqnozlaşdırılmasını tənzimləyirdi. Lakin bu qaydada bir sıra hüquqi texniki boşluqlar, o cümlədən dəyişikliklərin tətbiq mexanizminə dair aydın mexanizmin olmaması bəzi hallarda qeyri-müəyyənlik yaradırdı.

Eyni zamanda, əvvəlki versiyada bəzi termin və ifadələr (məsələn, "və yük" kimi) artıq dövrün iqtisadi reallıqları və normativ sənədlərlə uzlaşmırdı.
Yeni qərarın üstünlüklərinə nəzər salsaq, görərik ki, normativ uyğunluq təmin olundu. Artıq dəyişikliklərin aparılması Prezidentin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilən yeni normativ hüquqi aktlar sisteminə tam uyğun şəkildə həyata keçiriləcək. Bu isə normativ hüququn bütövlüyünü və icra orqanları arasında koordinasiyanı gücləndirəcək.
Eyni zamanda texniki dəqiqlik artırıldı. “Dövlət büdcəsinin gəlirlərinin... proqnozlaşdırılması Qaydası”nın 4.10.7-ci yarımbəndindən "və yük" ifadəsinin çıxarılması, terminoloji ardıcıllığın qorunmasına və praktiki tətbiq zamanı anlaşılmazlıqların aradan qaldırılmasına xidmət edir.
Bu da Qanunvericiliyə uyğunlaşmanı sürətləndirəcək. Bu dəyişikliklər həm də 2024-cü ilin oktyabrında qəbul olunmuş və bir sıra qanunlarda – o cümlədən “Vergi Məcəlləsi”, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklərin tətbiqini operativ şəkildə təmin etmək məqsədi daşıyır.
Bütün sadalananlar büdcə siyasətində keyfiyyətli dönüş yaradacaq.
Fikrimcə, bu qərar dövlət maliyyə siyasətində yeni bir mərhələnin başlanğıcı olacaq. Belə ki, neftdənkənar sektorun inkişaf etdirilməsi və qeyri-neft gəlirlərinin real proqnoz əsasında formalaşdırılması dövlət büdcəsinin dayanıqlılığı üçün əsas şərtlərdəndir.
Hesab edirəm ki, büdcə gəlirlərinin düzgün və şəffaf proqnozlaşdırılması, iqtisadiyyatın real göstəricilərinə əsaslanmaqla daha optimal xərcləmə siyasətinin qurulmasına imkan verəcək. Bu həm də sosial layihələrin və vətəndaş rifahına yönəlmiş proqramların maliyyə təminatında sabitliyi gücləndirəcək.



Seçilən
22
2
azadmedia.az

3Mənbələr