AZ

DİQQƏT! - Xroniki stress, depressiya, somatik ağrılar və aqressiv davranışlar… 

Son illərdə medianın, xüsusilə sosial şəbəkələrin gündəmindən düşməyən məsələlərdən biri də yenidən aktuallaşan erkən nikah problemidir. 

Azərbaycan qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyada müəyyənləşdirilmiş son həddir.  

Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son açıqlamaları göstərir ki, bəzi bölgələrdə hələ də 17 və ya daha az yaşda nikah halların rast gəlinir. Erkən evliliklərin hüquqi və sosial fəsadları müzakirə olunsa da, bu məsələnin psixoloji zərərləri çox vaxt arxa planda qalır. Halbuki bu, insan taleyini uzunmüddətli şəkildə dəyişdirən və bəzən geri dönüşü mümkün olmayan nəticələrə səbəb olan problemdir.  Toyuqlu pizza

Erkən nikah psixoloji cəhətdən yetişməmiş şəxsiyyətə ağır yükdür

Psixoloq Fərqanə Mehmanqızı bu mövzuya toxunaraq, erkən evliliklərin fəsadlarının dərinliyini diqqətə çatdırıb. Onun fikrincə, erkən evliliklər təkcə erkən ailə həyatı demək deyil, həm də psixoloji və emosional baxımdan hazırlıqsız bir insanın ağır məsuliyyətlə üz-üzə qalması deməkdir: 

“Ailə kiçik dövlətdir. Hələ həyatın mənasını tam dərk etməmiş, öz xarakterini formalaşdırmamış bir insan üçün ailə məsuliyyətini daşımaq çox böyük yükdür. Erkən yaşda evlənən insan özünü cəmiyyətdə və öz həyatında hələ tanımayıb, həyat yolunu müəyyən etməyib. Bu səbəbdən ailə qurmaq ona daxili aqressiya, qorxu və ünsiyyət problemləri yaşadır. Ətrafın təsiri, xüsusilə mental dəyərlərdən qaynaqlanan müdaxilələr bu gənclərdə psixoloji pozuntulara - xroniki stress, depressiya, somatik ağrılar və aqressiv davranışlara səbəb ola bilər”.

Ən təhlükəli məqamlardan biri isə erkən yaşda ana və ya ata olmaqdır. Psixoloqun sözlərinə görə, yeniyetmələr “mən niyə ana və ya ata olmaq istəyirəm?” sualına özləri də cavab verə bilmirlər: 

“Əsl cavab isə çox vaxt yalnız bir cümlə olur: “Çünki cəmiyyət belə deyir”. Lakin uşaq dünyaya gətirmək - insan yetişdirmək deməkdir və bu isə yalnız psixoloji formalaşmış, məsuliyyətli fərdlər tərəfindən həyata keçirilməlidir. Əks halda, yetişən nəslin özü də psixoloji zərbə altında böyüyür. 

Aqressiv valideyn aqressiv uşaq yetişdirir. Uşaqlar öz ailəsində sevgi və sabitlik görməzsə, gələcəkdə onlar da eyni səhvləri təkrarlayacaqlar. Bəzən ailələr dağılmasa da, yalnız kağız üzərində mövcuddur. Reallıqda isə nə sevgi, nə anlayış, nə də dəstək var”. 

Erkən nikahın səbəbləri: cəmiyyət və valideynlərin diktəsi, faydasız maarifləndirmə

F.Mehmanqızı problemin kökündə dayanan əsas amillərdən biri kimi “öyrədilmiş ağıl” ifadəsini irəli sürür. O izah edir ki, gənclərə uşaqlıqdan belə fikirlər aşılanır: “Filankəs bu yaşda evləndi, sən də evlən”. Yeniyetmə isə bu fikirləri təhlil etmədən, instinktiv olaraq deyil, sadəcə təlqin edilmiş normalar kimi qəbul edir və nəticədə öz həyatını başqasının yazdığı ssenari ilə yaşayır. 

Onun sözlərinə görə, həmin zərərli təcrübənin qarşısını almağın yeganə yolu isə maarifləndirmədir: 

“Amma təəssüf ki, hazırda məktəblərdə bu sahədə heç bir sistemli fəaliyyət aparılmır. Nə maarifləndirici seminarlar var, nə bukletlər paylanır, nə də yeniyetmələrə psixoloji və bioloji fəsadlar haqqında mesajlar çatdırılır. Dövlət tərəfindən bu sahədə nəzarət üçün qurumlar mövcud olsa da, real fəaliyyət zəifdir”. 

Psixoloq hesab edir ki, maarifləndirmə təkcə qızlara deyil, oğlanlara və valideynlərə də yönəlməlidir: 

“Yalnız bu zaman gənc məktəbli ailəsində erkən nikahla bağlı təzyiqlə üzləşəndə, buna faktlarla, şüurlu şəkildə etiraz etməyi bacarar”.

Ailə kimi müqəddəs dəyəri yetkin insanlar daşıya bilər 

Belə qənaətə gəlmək olar ki, erkən nikah tək bir fərdin yox, cəmiyyətin gələcəyi üçün təhlükədir. Psixoloji travmalar, uğursuz ailələr, yetişməmiş valideynlər və bu zəmində böyüyən uşaqlar bütövlükdə cəmiyyətin sabitliyinə zərbə vurur. Erkən nikah probleminin həlli isə yalnız hüquqi yolla deyil, psixoloji və təhsil yönümlü maarifləndirmə ilə mümkündür. 

Ailə müqəddəs bir dəyərdir. Amma bu dəyərin mahiyyətini yalnız yetkin, özünü dərk etmiş insanlar daşıya bilər. Erkən yaşda ailə qurmaq, ana-ata olmaq cəmiyyətin gözləntilərinə cavab vermək üçün yox, həyata hazır olmaq üçün edilməlidir. Yalnız bu halda ailə xoşbəxtlik, cəmiyyət isə sağlam gələcək qazana bilər. 

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Telegram kanalımız
Seçilən
20
1
yenisabah.az

2Mənbələr