AZ

Rusiya Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün cəhdlər edir



"Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazaya əlavə qüvvələr cəlb etməsi ilə bağlı məlumatların nə qədər həqiqəti əks etdirdiyini söyləmək çətindir. Çünki, həm 1995 -ci ildə, həm də 2010-cu ildə imzalanmış sazişə müvafiq olaraq Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasındakı şəxsi heyət və silah-texnikanın konkret sayı müəyyən edilib. Razılşadırılıb ki, Gümrüdəki hərbi bazada şəxsi heyətin sayı 5000 nəfərdən ibarətdir. Bundan başqa hərbi bazadakı texnika sayı da məlumdur. Buraya S-300 hava hücumundan müdafiə raket sistemi, MiQ-29 döyüş təyyarələri, Mi-24P və Mi-8MT helikopterləri, həmçinin T-72 tankları, BMP-1 piyada döyüş maşınları, 2S1 özüyeriyən haubitsaları, BM-21 Qrad reaktiv yaylım atəşi sistemləri və Smerç batareyaları daxildir.

Hərbi bazaya əlavə əsgər və texnika yığılmasının ilk növbədə Ermənistan və konkret desək Paşinyan hakimiyyəti üçün təhlükəli olduğunu nəzərə alsaq düşünmürəm ki, Paşinyan rus hərbi bazasının bu şəkildə gücləndirilməsinə razılıq versin. Hətta Paşinyan səssiz qalmaq istəsə belə Qərbdəki ağaları, yəni Avropa İttifaqı, ABŞ və digərləri buna imkan verilməməsi ilə bağlı Paşinyana təzyiqlər göstərərlər. Bu təzyiqlər yoxdursa, Qərb dairələrinin bu istiqamətdə hər hansı bəyanatları yoxdursa demək ki, Gümrü bazasının möhkəmləndirilməsi ilə bağlı məlumatlar bir qədər şişirdilib".

Bu fikirkləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Rusiyanın Gümrüdəki hərbi bazaya əlavə qüvvə cəlb etməsi barədə yayılan xəbərləri şərh edərkən səsləndirib. Onun sözlərinə görə, böyük ehtimalla Rusiya tərəfi 2023-cü ildə Gümrüdən çıxarıb Ukrayna cəbhəsinə göndərdiyi 1500 əsgər və texnikanın yerini doldurmaqla məşğuldur:

"Təbii ki, Ukrayna ilə müharibənin bitmədiyi və əsgər problemi yaşayan Rusiyanın indi Gümrüdəki bazaya diqqət ayırması özü də bir sıra mətləblərdən xəbər verir.

Rusiya bununla demək istəyir ki, Ukrayna ilə müharibə səbəbilə bir sıra regionlarda zəifləyən mövqeyini bərpa etmək üçün bütün imkanlardan istifadə etməkdə qətiyyətlidir. Cənubi Qafqazda mövqeləri hər keçən gün zəifləyən Rusiya üçün Ermənistanda yerləşən 102-ci hərbi baza sanki bir qala rolunu oynayır. Rusiya həmin qalanı möhkəmləndirməklə Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün cəhdlər edir desək daha düzgün olar".

Süleyman
Seçilən
22
1
newscenter.az

2Mənbələr