AZ

Azərbaycanda nağdsız ödənişlərin 87 %-dən çoxu elektron ticarətin payına düşüb

Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 % artaraq – 8 milyard 438,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 375 milyon manatı (87,4 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1 %-ni təşkil edib.

İyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 642 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəli ilə müqayisədə 3,7 %, ötən ilin eyni dövrünə nisbətən 14,1 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 17,1 % artaraq 18,524 milyon, kredit kartlarının sayı isə 6,9 % azalaraq 2,118 milyon olub. İyunda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,144 milyard manat (illik müqayisədə 32,6 % çox) və 800 milyon manat (19,6 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 8,9 %, POS-terminalların sayı isə 43 % artaraq müvafiq olaraq 3 440 ədəd (Bakı üzrə 1 848 ədəd) və 139 758 ədəd (Bakı üzrə 85 630 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Seçilən
4
4
report.az

5Mənbələr