AZ

“Şkendiya” sürpriz şəkildə “Qarabağ”a rəqib oldu - ŞƏRH

İyulun 29-30-da Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirildi. Nəticədə 15 qalib komanda növbəti mərhələyə adladı.

Qeyd edək ki, “Qarabağ” ölkə reytinqinin yüksək olmasına görə mübarizəyə məhz 2-ci təsnifat mərhələsindən başladı. Azərbaycanın son çempionu favorit statusunu “Şelburn” ilə ötən həftə keçirilən səfər oyununda sübut etmişdi. Dublində üç cavabsız qol vuran ağdamlılar Bakıda minimal hesabla qalib gələrək növbəti mərhələyə vəsiqə qazandılar.

“Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri isə iyulun 30-da Rumıniyada cavab oyununa çıxdılar. Xatırladaq ki, Şimali Makedoniyada keçirilən ilk matç yerli “Şkendiya”nın 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Həmin oyunda əsas statistik göstəricilər üzrə rəqibini üstələyən FKSB qol vəziyyətlərindən yararlana bilməmiş və Buxarestə məğlub qayıtmışdı. Rumıniya çempionunun evdə məğlubiyyətin əvəzini çıxmaq ehtimalı yüksək dəyərləndirilirdi.

Gözlənildiyi kimi, oyun favorit sayılan meydan sahiblərinin üstünlüyü ilə başladı. Elias Xaralambusun komandası 28-ci dəqiqədə Çizotti ilə hesabı açdı. Ancaq buna qədər rəqib hücumlarına əks-hücumla cavab verən qonaqlar çox keçmədən Lyatifinin zərbəsi ilə cavab qolunu vurdular. Buxarestlilər fasilədən sonra daha böyük qüvvə ilə həmlələrə əl atmaqla oyunda dönüş yaratmağa çalışsalar da, onların əksər zərbələri hədəfdən yan keçirdi.

Sona yaxın müdafiəni böyük ölçüdə unutması FKSB-ni daha pis vəziyyətə saldı. 87-ci dəqiqədə Krstevski Şimali Makedoniyanın çempionunu hesabda önə keçirdi. Nəticədə “Şkendiya” sürpriz şəkildə “Qarabağ”a rəqib oldu.

2-ci təsnifat mərhələsinin yekununun postsovet məkanından olan komandalar üçün ümumilikdə yaxşı olduğunu qeyd edə bilərik. Bu mərhələdə çıxış edən sabiq ittifaqa daxil olan ölkələrin 5 təmsilçisindən üçü mərhələni adladı. “Qarabağ” kimi Kiyev “Dinamo”su da rəqibini hər iki matçda məğlub etdi.

ÇL-də mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan “Kayrat”ın qəhrəmanlığını xüsusi vurğulamalıyıq. Qazaxıstanın son çempionu Finlandiyada iki cavabsız qolla uduzduğu KuPS-u Almatıda 3:0 hesabıyla məğlub etdi. Meydan sahibləri artıq ilk hissədə üç qol vurmaqla iki oyunun ümumi nəticəsinə əsasən üstünlüyü təmin etdilər. RFŞ və “Noa” isə rəqiblərinə cavab oyununda da məğlub olmaqla turnirdəkı çıxışını dayandırdılar.

2-ci təsnifat mərhələsi, cavab oyunları
FKSB (Rumıniya) - Şkendiya (Şimali Makedoniya) 1:2 (ilk oyun – 0:1)
Çizotti, 28 - Lyatifi, 33. Krstevski, 87.
FKSB: Tırnovanu, Radunoviç, M.Popesku, Nqezana (Qraovats, 75), Kretsu, Şut (Politiç, 70), Kirikeş (Liksandru, 86), Çizotti, Bırlica, Mikulesku (Politik, 70), O.Popesku.
Şkendiya: Qaye, Uebster (Ayetoviç, 89), Sake, Fetay, Trumçi, Əlhəssən, R.Ramadani, Lyatifi (Krstevski, 69), Krasniçi (Zeynulay, 69), Tamba (Murati, 89), B.İbraimi (Ademi, 82).
QARABAĞ (AZƏRBAYCAN) - Şelburn (İrlandiya) 1:0 (3:0)
Martin, 44-öz qapısına.
Dinamo (Ukrayna) - Hamrun Spartans (Malta) 3:0 (3:0)
Vanat, 28. Brajko, 35. Mihavko, 82.
Kayrat (Qazaxıstan) - KuPS (Finlandiya) 3:0 (0:2)
Satpayev, 9. Jorjinyo, 29. Qromıko, 43.
Malmö (İsveç) - RFŞ (Latviya) 1:0 (4:1)
Hakşabanoviç, 25.
Ferentsvaroş (Macarıstan) - Noa (Ermənistan) 4:3 (2:1)
Peşiç, 1. Cozef, 12. Zahariassen, 52-p. B.Varqa, 74 – Ferreyra, 7. Mateus Ayas, 22. Qrqiç, 71.
Panatinaikos (Yunanıstan) - Reyncers (Şotlandiya) 1:1 (0:2)
Curiçiç, 53 - Qassama, 60.
Drita (Kosovo) - Kopenhagen (Danimarka) 0:1 (0:2)
Kornelius, 42.
Zrinski (Bosniya və Hersoqovina) - Slovan (Slovakiya) 2:2 (0:4)
Bilbiya, 72-p. Pranjiç, 76 - Strelets, 80; 87.
Srvena Zvezda (Serbiya) - Linkoln Red İmps (Cəbəllütariq) 5:1 (1:0)
Katay, 8. İvaniç, 16. Bruno Duarte, 37. Milson, 44. Ndiaye, 75 – De Barr, 53.
Makkabi (Təl-Əviv, İsrail) - Pafos (Cənubi Kipr) 0:1 (1:1)
Jaja, 40.
Ludoqorets (Bolqarıstan) - Riyeka (Xorvatiya) 3:1, əlavə vaxtda (0:0)
Petrovski, 19-p. Çoçev, 107. İvanov, 117 - Qoyak, 71.
Breydablik (İslandiya) - Lex (Polşa) 0:1 (1:7)
İşak, 29.
Zaltsburq (Avstriya) - Brann (Norveç) 1:1 (4:1)
Kyerqor, 6 – Kornviq, 3.
Servett (İsveçrə) - Viktoriya (Plzen, Çexiya) 1:3 (1:0)
Antuneş, 4 – Şpatsil, 28. Vıdra, 31. Durosinmi, 87-p.

İlk oyunları avqustun 5-6-da keçiriləcək 3-cü təsnifat mərhələsində cütlər belə formalaşıb: Şkendiya – QARABAĞ, Kayrat – Slovan, Lex – Srvena Zvezda, Ludoqorets – Ferentsvaroş, Dinamo – Pafos, Malmö – Kopenhagen, Nitsa (Fransa) – Benfika (Portuqaliya), Feyenoord (Niderland) – Fənərbaxça (Türkiyə), Reyncers – Viktoriya, Zaltsburq – Brügge (Belçika).

Seçilən
1
1
football-plus.az

2Mənbələr