AZ

“Əshabi Kəhf”: günəşin sağda doğub solda batan möcüzəsi

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Hələ də özü bir sirr olaraq qalan qalaktikada elə möcüzələr var ki, yaranmışların alisi olan insan da, texnologiyanın ən yüksək mərhələyə çatdığı əsrimiz də onlar qarşısında sözünü isbat etməkdə çətinlik çəkir. Bu möcüzələr bəzən kiçik zərrəciklərdən ibarətdir, gözə görünmür, bəzən isə əzəməti ilə gözümüz önündədir, bizsə onun necə yarandığına, hansı qüvvə tərəfindən belə füsunkar, bənzərsiz olduğuna heyran qalırıq. Və gözlə görünən və görünməyənlər həyatımızın bir parçası olduğu üçün daim onları öyrənməyə can atır, Ulu Yaradan tərəfindən məhz insana verilən bu üstünlükdən istifadə etməyə çalışırıq.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən və bu gün “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksi adlandırılan “Əshabi-Kəhv” in zirvəsi səmaya təmas edən qayalıqlarında da bir möcüzə gizlənir. O möcüzə ki, müqəddəs “Qurani-Kərim”in "Əl-Kəhf" surəsinin 17-ci ayəsində belə açıqlanır: "Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyl etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın geniş bir yerində olduqlarını görərdin".

Beləliklə, “Qurani-Kərim”də təsvir olunan “Əshabi-Kəhf”

Dünyanın bir çox ölkələrində “Əshabi-Kəhf”lərin olduğu iddia olunur. Uzun illər boyu bu ölkələrin alimləri əsl “Əshabi-Kəhf”in məhz onların ölkələrində olduğunu iddia ediblər. Lakin burada qaranlıq məsələ yoxdur. Çünki müqəddəs kitabda nişan verilən amillər var, onlara əsasən əsl mağaranın hansı olduğu öz təsdiqini tapır.

Beləliklə, əsl Əshabi-Kəhf Culfada yerləşəndir, deyə bilərik. Çünki Culfadakı "Əshabi-Kəhf"də içəri girən adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. Müqəddəs Qurani-Kərimdəki fikirlər mağaranın Culfada olmasını sübut edən amillərdən biridir. Buradakı məscidin də həmin ayədəki "Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir" əmrinə əsasən tikilmiş olduğu da öz təsdiqini tapır.

Naxçıvan etnoqrafiyası və arxeologiyasına saysız töhfə verən etnoqraf alim Zaleh Novruzov yazırdı: Uzun illər müxtəlif istiqamətlərdə araşdırmalar, arxeoloji qazıntılar aparılsa da, bu müqəddəs yerin sirləri, bizcə, hələ də tam açılmayıb. Məşhur internet portalı olan Google-Map-ın axtarış səhifəsində Əshabi-Kəhfin yüksəkdən görünüşü çoxdan diqqətimizi çəkmişdi. Buradan baxanda digər hamar dağların fonunda Əshabi-Kəhfin ərazisində fərqli landşaft və relyef diqqəti çəkir. Kilometrlərlə sahədə sanki ərəb əlifbası ilə hansısa bir yazıya oxşayan xətləri görmək olur. Düzdür, bu “yazını” Əshabi-Kəhf mağarasını ziyarət edənlər görə bilmir. Çünki yalnız üstdən (fəzadan) baxanda qaranlıq (kölgə) dərələr, həmin şaxələnən kanyonlar yazını təşkil edir.

Əslində belə bir nəticəyə gəlmək olur ki, Əshabi-Kəhf mağarası bir neçə yerə şaxələnən, qranit daşlardan ibarət dar kanyonlardan ibarətdir. Əhali arasında “Yeddi kimsənə” adlanan yerə qalxan pilləkəndən sağ tərəfə ayrılan dərə ziyarətgaha aid hesab edilmir. Kanyonun kənarları xeyli dik, uzun və nisbətən yaşıllıqdan ibarət olsa da, giriş hissədə sel sularının qarşısını almaq üçün tikilən bənd turistlərin də həmin hissəyə keçməsinə mane olur. Lakin Əshabi-Kəhf kompleksinin möcüzəsinin yaranmasında bu kanyonun və ziyarətgahdan aralı yarğan və dərələrin də xüsusi rolu vardır.

“Yeddi kimsənə”dən sonra mağara sola və sağa şaxələnir. Buradakı qayaaltı sığınacaqda köhnə tikili qalıqları mövcuddur. Tikililərdən birinin uzunluğu 2 metr, hündürlüyü 0,5 metrə yaxındır. Tikinti üçün xüsusi narın qumlu gildən istifadə edilib. Gil sarımtıl rəngdədir. İkinci tikinti qalığı ondan bir qədər altda uzunluğu 1,5 metr, hündürlüyü isə 0,4-0,5 metrdir. Nisbətən ağ rəngli, narın qumlu gillə hörülüb. Tikintidən nümunələr analiz edilib və eramızın III əsrinə aid olduğu qənaətinə gəlinib.

Sağ yoldan isə dalğavari olmaqla bir daha sağ tərəfdə “Cənnət bağı”na qol ayrılır.

Yeddi, yoxsa üç?..

Əshabi-Kəhfdə ilk pilləkəni qalxanda, sol tərəfdə “Yeddi kimsənə” adlanan qayaaltı sığınacaqda daşda insan bədəninin “izləri” bilinir. Üçüncüdən sonra sayları dəqiqləşdirmək mümkün deyil. İnsanlar bu hissəni ziyarət edir, burada namaz qılırlar.

“Əl-Kəhf” surəsinin 25-ci ayəsində: “Və mağaralarında üç yüz il qaldılar və doqquz il artırdılar”. Burada söhbət rəvayətə görə mağaraya sığınan gənclərdən gedir. Bəs onlar neçə nəfər olublar? Bu, uzun illər müzakirəsi aparılan məsələ olub.

Bu barədə Zaleh Novruzov yazırdı: Gənclərin mağarada neçə nəfər olması və nə qədər müddətə mağarada yatmaları bəzən mübahisə doğurur. Bu mövzu hələ orta əsr mənbələrində də öz əksini tapıb. Eldənizlər dövlətinin saray şairi Əbu Bəkir ibn Xosrov əl-Ustadi “Yeddi yeniyetmə mağara sakini, Dəqyanus (Dağyunus) və onlar arasında baş verənlər” haqqında rəvayətdə (Munisnamə əsəri) yazır ki, adamlar Təmleyxagilə deyir ki, Dəqyanusun çarlığından 309 il keçib. Biz “İncil”də uca Allah tərəfindən bu barədə, “Dəqyanusdan qaçan altı gənc” haqqında oxumuşuq.

Əsərdə göstərilir ki, Dəqyanusun ölümündən sonra şahlığa Qasım adlı biri gəlir və cəmisi iki il şahlıq edir. Bundan sonra hakimiyyət rumların əlinə keçir. Onlar dörd il hakimiyyətdə olurlar.

“Naxçıvan tarixi” kitabında isə göstərilir ki, eradan əvvəl I-bizim eranın II əsrlərində Naxçıvan Atropotena, Parfiya və Romanın döyüş meydanına çevrilmişdi (göründüyü kimi, rəvayətlə tarixdə uyğunluq vardır). Əbu Bəkir ibn Xosrov əl-Ustadinin Mağara sakinləri rəvayətində yenə qeyd edilir ki, Dəqyanusun ölümündən 20 il sonra Zəkəriyyə peyğəmbər zühur edir. İsa peyğəmbərin dövründə isə möcüzəli hadisələr baş verir, 309 ildən sonra mağarada yatanlar oyanırlar.

Rəvayətdə Dəqyanusun zülmündən, əslində küfründən, 6 nəfər və bir çobanın “Qıtmır” adlı iti ilə qaçdığı göstərilir.

“Əl-Kəhf” surəsinin 22-ci ayəsində deyilir: “Tezliklə deyəcəklər: “Onlar üç nəfərdirlər, dördüncüsü itləridir”. Və deyəcəklər:” Yeddi nəfərdirlər və səkkizincisi itləridir”. De: “ Mənim Rəbbim onların sayını daha yaxşı bilir”.

Əshabi-Kəhf: etiqadın və turizmin məkanı

Əslində hələ də Əshabi-Kəhfin dinlə nə dərəcədə əlaqəsi olduğu yeni suallar doğurur. Lakin insanlar buranı etiqad ocağına çeviriblər və bu inancı heç bir qüvvə onların düşüncələrinin əksinə yönəldə bilməz.

Yadımdadır, sovet imperiyasının tərkibində yaşadığımız illərdə də, baxmayaraq ki, dini etiqadlar və mərasimlər qadağan olunmuşdu, lakin buna baxmayaraq həm naxçıvanlılar, həm də ölkəmizin digər bölgələrindən gələn insanlar Əshabi-Kəhfə gedir, burada etiqadlarını edir, niyyətlərinin qəbul olmasını Yardandan arzulayırdılar.

Əshabi-Kəhflə bağlı xatirələrimdə qalanlardan biri də 80-90-cı illərdə bu ziyarətgahın özünün və oraya gedən yolların çox bərbad vəziyyətdə olmasıdır. Əshabi-Kəhfə getmək üçün camaat sübh çağından yola çıxırdı. Çünki çala-çuxur yollarla oraya bir neçə saata çatmaq olurdu. Ziyarətgah isə o vəziyyətdə idi ki, insan üçün hər an təhlükə yarana bilərdi. Odur ki, böyüklər, bələdçilər uşaqların, qonaqların diqqətli olmasını tövsiyə edirdi.

1990-cı illərdən başlayaraq Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə burada başlanan quruculuq və bərpa işləri Əshabi-Kəhfin və bu dini ziyarətgaha gedən yolların da abadlaşması ilə nəticələndi. Yəni Əshabi-Kəhfin əvvəlki vəziyyətini görənlər bu fərqi daha çox hiss etdilər. Çünki onun əvvəlki vəziyyətindən əsər-əlamət qalmadı.

Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin bütün fəsillərində burada əcnəbi turistlərə rast gəlmək mümkündür.

Son illərdə "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib.

***

Günəşin sağ tərəfdə doğub, sol tərəfdə qüruba enən mənzərəsini özündə əsrlərdir, hər gün təkrarlayan Əshabi-Kəhf elə əsrlərdir, öz möcüzəsini də belə gizlicə qoruyur. Biz onu nə qədər öyrənsək, araşdırsaq da, onun bizə vermədiyi bir sirri var. Elə bu sirdir onu ziyarətgaha, dini etiqad abidəsinə çevirən.

Mətanət Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
sesqazeti.az

1Mənbələr