AZ

“Həmas”:”Benyamin Netanyahu əsirləri aclıqdan öldürməyə çalışır”

Vətəninfo.az xəbər verir ki, “Həmas”ın Siyasi Bürosunun üzvü İzzət əl-Rişk avqustun 3-də verdiyi açıqlamada bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu administrasiyasının Qəzza xalqına qarşı tətbiq etdiyi aclıq siyasəti israilli əsirlərə də mənfi təsir göstərir. O, İsrail hökumətinin əsirlərin vəziyyətinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.

İzzət əl-Rişk Fələstin müqavimət hərəkatının israilli əsirlərə dini və humanitar prinsiplərə uyğun davrandığını, onların yemək və suyunu digər fələstinlilərlə bərabər şəkildə təmin etdiyini qeyd edib.

O, bildirib ki, əvvəlki əsir mübadiləsi zamanı israilli məhbuslar sağlam və yaxşı fiziki-ruhi vəziyyətdə azadlığa buraxılıblar. Lakin hazırda onların aclıq, halsızlıq və arıqlama kimi ciddi problemlərlə üzləşdiyini iddia edib. İzzət əl-Rişk bu vəziyyəti isə mühasirədə olan Qəzza xalqının çətinliklərinə bənzədib.

İzzət əl-Rişk Netanyahunun Qəzza xalqına etdiyi zülmün əsirlərə də tətbiq olunduğunu, onları amansız aclıqla cəzalandırmağa çalışdığını qeyd edib.

O, həmçinin bildirib ki, Qəzzadakı aclıq siyasəti Netanyahu administrasiyasının girovlarla bağlı vəziyyəti həll etmək strategiyasının bir hissəsidir.

“Hava zərbələri ilə əsirləri öldürə bilməyən Netanyahu indi onları aclıqdan öldürməklə problemi həll etməyə çalışır”, – deyə “Həmas” rəsmisi vurğulayıb.

Aclıq və soyqırım

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, mühasirə altında olan Qəzzada 6 fələstinli daha aclıqdan dünyasını dəyişib. 2023-cü ilin oktyabrından bəri isə ölənlərin sayı 93-ü uşaq olmaqla 175-ə çatıb.

İsrailin Qəzzada törətdiyi qətliamlarda isə əksəriyyəti qadın və uşaq olmaqla 60 mindən çox fələstinli həyatını itirib.

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, təxminən 11 min fələstinlinin dağılan evlərin altında qaldığı ehtimal edilir. Ekspertlər isə ölənlərin real sayının 200 min civarında ola biləcəyini bildirirlər.

Soyqırım zamanı İsrail mühasirəyə aldığı ərazinin böyük hissəsini dağıdaraq, demək olar ki, bütün sakinləri məcburi köçkün vəziyyətinə salıb.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunmaları üçün həbs orderi verib.

Seçilən
2
veteninfo.az

1Mənbələr