AZ

"Kreml Paşinyana alternativ axtarır" – Züriyyə Qarayeva

Moskva son dövrlərdə Ermənistanın daxili siyasətinə təsirini artırmaq istiqamətində fəallaşıb. Bu dəfə hədəfdə sabiq prezident Robert Köçəryan və onun ətrafında formalaşan “Qarabağ klanı”dır. Rusiya-Ermənistan münasibətlərinin gərginləşdiyi şəraitdə Kreml, artıq Nikol Paşinyanı sabit müttəfiq kimi görmədiyi üçün yeni siyasi alternativlər axtarışına çıxıb.

Bu kontekstdə Köçəryanın son bəyanatları – “Ermənistanın etibar edə biləcəyi yeganə tərəf Rusiyadır” və “sülh sazişinin əsas təminatçısı Moskva olmalıdır” – Kremlin yeni kursunun səsi kimi dəyərləndirilə bilər. Kreml bu ssenari ilə Ermənistanı Qərbin təsir dairəsindən çıxarmağa, Cənubi Qafqazda siyasi manevr imkanlarını genişləndirməyə və özünə yaxın bir hakimiyyət konfiqurasiyası yaratmağa çalışır.

Köçəryanın seçimi təsadüfi deyil. Onun Rusiya rəhbərliyi ilə uzunmüddətli şəxsi münasibətləri və keçmişdə Moskva ilə qurduğu yaxın əlaqələr bu plan üçün uyğun namizəd obrazı yaradır. Ancaq bu modelin yerli səviyyədə ciddi zəif cəhətləri var. Ermənistan ictimaiyyətinin geniş hissəsi, xüsusilə gənc nəsil və müasir düşüncəli fəallar Köçəryanı köhnə rejimin təmsilçisi kimi qəbul edir və ona qarşı güclü etimadsızlıq mövcuddur.

Bununla yanaşı, Kremlin bu planı Ermənistan-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşməyəcək. Hazırkı Paşinyan administrasiyası sülhə daha yaxın görünürsə, Köçəryan kimi fiqurların önə çıxarılması bu prosesi ləngidə və ya Moskvanın diktəsi altına sala bilər. Bu isə regionda əlavə gərginlik, qeyri-müəyyənlik və diplomatik manevrlərin artmasına yol aça bilər.

Nəticə etibarilə, Rusiya bu addımı ilə Ermənistana bir mesaj verir: ya mövcud hökumət Kremlin geosiyasi prioritetlərinə uyğun hərəkət etməli, ya da yeni siyasi fiqurlar vasitəsilə dəyişiklik planı işə salınacaq. Bu, həm Ermənistan daxilində, həm də bütövlükdə Cənubi Qafqazda yeni qarşıdurma risklərini artırır. Belə bir məqamda Azərbaycanın öz mövqeyini soyuqqanlılıqla qoruması və situasiyanı düzgün analiz etməsi regional sabitlik baxımından həlledici ola bilər."

Politoloq Züriyyə Qarayeva

Seçilən
12
news365.az

1Mənbələr