Muarem Muarem “Qarabağ”da iki ayrı mərhələdə ümumən altı mövsüm çıxış etmiş legionerdir. 36 yaşlı futbol adamı hazırda Şimali Makedoniyanın “Başkimi” klubunun baş məşqçisidir.
QOL.az xəbər verir ki, o, ölkəsinin "SportSport” saytına açıqlamasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) cütü haqda fikirlərini bildirib.
“Bəli, artıq ‘Qarabağ’da oynamıram, amma o klubdakı vəziyyətə və ümumilikdə Azərbaycan futboluna yaxşı bələdəm. Orada hələ də çoxlu dostlarım var və Skopyeyə gələndə onlarla görüşməyi planlaşdırıram. Komanda çox güclüdür, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında 17 ildir inkişaf edir. Bu, sadəcə inanılmazdır. ‘Qarabağ’ haqqında nə desəm də, artıq hər kəsə məlumdur. Bunu ‘Şkendiya’ da yaxşı bilir. Amma düşünürəm ki, ‘Şkendiya’nın bu mərhələni keçmək şansı var” - deyə Muarem Muarem qeyd edib.
Muarem “Şkendiya”nın həm Skopyedə, həm də Bakıda necə oynamalı olduğu barədə də fikirlərini bölüşüb: “Şkendiya’ çox yaxşı komandadır, əla baş məşqçiləri var. Əminəm ki, ‘Qarabağ’ın oyunu detallı şəkildə analiz olunub. ‘Şkendiya’ topa daha çox sahib olmağa çalışmalıdır, müdafiəyə qapanmaqla nəticə qazanmaq olmaz. Elə ‘Qarabağ’ da eyni şeyi istəyəcək. Yəni bu matçda iki oyun üslubuna sahib, topa nəzarət edən komandalar üz-üzə gələcək. Açığı, mən ‘Şkendiya’nın FCSB-yə qarşı göstərdiyi oyundan çox təsirləndim. Eyni şəkildə ‘Qarabağ’a qarşı da oynamalıdırlar. Kim favoritdir, bu aydındır. Amma məncə, ‘Şkendiya’nın mərhələ adlamaq üçün real şansı var”.
Xatırladaq ki, “Şkendiya” ilə “Qarabağ” arasında ilk oyun 5 avqustda Skopyedə, cavab görüşü 12 avqustda Bakıda keçiriləcək.