AZ

Qurumu məhkəməyə verib işə bərpa olundu - “Amma qərarı icra etmirlər, 2 il 6 aydır işsizəm”

"2023-cü il 20 fevralda Hərracların Təşkili Mərkəzində qanunsuz olaraq işdən çıxarılmışam. Daha sonra mən məhkəməyə müraciət elədim. Məhkəmə işi araşdırdıqdan sonra obyektiv qərar verdi". 

Milli.Az xəbər verir ki, bu sözləri redaksiyamıza müraciət edən Mübariz Babayev deyib.

O bildirib ki, Ali məhkəmənin qərarından 11 ay keçməsinə baxmayaraq məhkəmə qərarını icra etmirlər:

"Mən Hərracların Təşkili Mərkəzinin nümayəndələri ilə görüşdüm və mənə bildirildi ki bizdə hazırda baş mütəxəssis vakansiyası yoxdur. Daha sonra şirkət məhkəməyə şikayət elədilər ki, həmin şəxs baş mütəxəssis ola bilməz, məhkəmə isə bunu əsassız hesab etdi. Şirkət məni yenidən qəbul edib bildirdi ki, biz səni işə götürməyəcəyik. 

Hətta icraçının protokolu da var. Amma onlar deyirlər ki, heç bir məhkəmə qərarı bizi fikrimizdən döndərə bilməz". 

Vətəndaş bildirir ki, artıq 2 il 6 aydır işsizdir:

"Ali Məhkəmənin qərarından da 11 ay keçib. Yenə də mənə deyirlər ki, hara istəyirsən müraciət elə biz səni işə götürə bilmərik". 

Məsələ ilə bağlı Əmlak məsələləri üzrə Dövlət Komitəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş Babayev Mübariz Sahib oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə müqavilənin müddəti bitdiyi üçün 20 fevral, 2023-cü il tarixində xitam verilmişdir:

"İqtisadiyyat nazirinin 06.03.2023-cü il tarixli əmri ilə Hərracların Təşkili Mərkəzində struktur dəyişikliyi aparılmış, Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələri (o cümlədən 1 saylı Sumqayıt zona bölməsi) ləğv olunmuşdur. 

Vətəndaş Mübariz Babayev işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsi onun iddiasını təmin etmişdir. Nərimanov Rayon Məhkəməsinin qərarının təmin edilməsi ilə əlaqədar Mübariz Babayev Hərracların Təşkili Mərkəzinin rəhbərliyi tərəfindən 21.10.2024-cü il və 07.11.2024-cü il tarixlərində qəbul edilmişdir. Vətəndaşa əvvəl çalışdığı Sumqayıt zona bölməsi ləğv olunduğu üçün baş mütəxəssis vəzifəsi (aylıq vəzifə maaşı 570 manat) üzrə deyil,  vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsi (aylıq vəzifə maaşı 1000 manat) təklif olunmuşdur. Təklif vətəndaş tərəfindən rədd edilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məlumat verilmişdir. Hazırda məhkəmə mübahisəsi davam edir".

Asya
Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr