AZ

Hamilə qadınlar tətilə gedərkən nələrə diqqət etməlidir? - VACİB MƏLUMAT

Yay aylarında hamilə qalan gələcək analar nələrə diqqət etməlidir? SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər onları bir-bir sadalayıb. Hamiləlikləri yay aylarında düşən gələcək analar üçün bəzən tətil planları narahatlıq mənbəyi ola bilər. Doğum və ginekologiya mütəxəssisi prof. dr. Ayşe Gülər, sadə tədbirlər görməklə yay tətilinin həm sağlam, həm də əyləncəli ola biləcəyini diqqətə çatdırıb.

Günəş ləkələrinə qarşı tədbir görülməlidir

Prof.dr.Gülər, hamiləlik dövründə dərinin günəş ləkələrinə daha çox meylli olduğunu qeyd edib: "Günəşə çıxarkən ən az SPF 50 olan günəşdən qoruyucu kremlərdən istifadə etməyinizə əmin olun. Geniş kənarlı papaq və pambıq paltar geyinin. Xüsusilə səhər saat 11:00-16:00 arasında birbaşa günəş işığından qaçınmaq lazımdır, ya da kölgədə vaxt keçirin".

Hovuz və dənizin təmizliyinə diqqət yetirin

Gülər üzgüçülüyün hamiləlik dövründə ən sağlam fiziki fəaliyyətlərdən biri olduğunu vurğulayıb: "Təmiz və təhlükəsiz yerlərdə üzmək hamiləlik üçün çox faydalıdır. Bununla belə, gigiyenik olmayan hovuzlar və dənizlər infeksiya riskini artıra bilər. Üstəlik yaş çimərlik paltarında uzun müddət qalmaq vaginal infeksiyalara səbəb ola bilər. Bu mövzuda diqqətli olmaq lazımdır".

Səyahət zamanı hər iki saatdan bir fasilə etmək vacibdir

Yay tətilini planlaşdıran hamilə qadınlara səyahət məsləhətləri də verən prof.dr.Ayşə Gülər deyib: "Uzun səfərlərdə hər iki saatdan bir qısa gəzinti fasilələri verin. Bu, ayaqlarda qan dövranını yaxşılaşdırmağa kömək edir. Təhlükəsizlik kəmərinizi qarnınızın altından taxın və bol maye qəbul edin".

Bol su, yüngül pəhriz

Gülər yay istisində susuzluğa qarşı diqqətli olmağın vacibliyini diqqətə çatdırıb: "Susuzluğu gözləmədən su için. Qazlı və kofeinli içkilərdən uzaq durun. Təzə, yüngül və duzsuz qidalar seçin. Bu həm həzmi asanlaşdıracaq, həm də ümumi bədən tarazlığını qoruyacaq".

Tətildən əvvəl mütləq həkim müayinəsindən keçin

Prof.dr.Ayşe Gülər yüksək riskli hamiləlik və ya vaxtından əvvəl doğuş riski olan gözləyən anaların həkim müayinəsindən keçmədən məzuniyyətə çıxmaması lazım olduğunu vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu
Seçilən
12
sia.az

1Mənbələr