Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qərib Qəribovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, 13 fevral 2025-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsindən keçən Bakı-Şamaxı avtomobil yolunun kənarında qeydə alınıb.
Belə ki, Qərib Qəribov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş Cavidan Babayevin (soyadı şərtidir) idarə etdiyi avtomobillə onu əvvəlcədən danışdıqları ünvana çatdırmamasına görə aralarında sözlü mübahisə yaranıb. O, zərərçəkmişin göstərdiyi taksi xidmətinə görə razılaşdıqları pulu verməyib avtomobildən düşərək oradan uzaqlaşmaq istəyib. Cavidan isə onun sinəsindən tutub dartaraq üz nahiyəsinə yumruq zərbəsi ilə vurub. Dava zamanı Qərib üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsin bədən nahiyəsinə iki zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Qərib Qəribov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov