AZ

Bakıdan başlayan güc: Azərbaycan Avrasiyada oyun qaydalarını dəyişir

2020-ci ildə baş vermiş Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizam yalnız Azərbaycan-Türkiyə-Ermənistan üçbucağı ilə məhdudlaşmadı. Bu dəyişiklik eyni zamanda Rusiya, İran, Avropa İttifaqı və Çin kimi böyük güclərin maraqlarına da birbaşa təsir edən regional çevriliş prosesinin əsasını qoydu.

Son beş ildə Azərbaycan bu çevrilişi idarə edən və istiqamətləndirən başlıca aktorlardan birinə çevrildi. Bu gün gəlinən mərhələdə Bakının diplomatik çevikliyi və enerji-nəqliyyat dəhlizləri üzərindən qurduğu çoxşaxəli strategiya ölkəni təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya coğrafiyasında – Şərq-Qərb xəttində – strateji mövqeyə yüksəldib.

Geosiyasi baxışın mərkəzi – Zəngəzur dəhlizi

Azərbaycanın Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya uzanan nəqliyyat dəhlizi yalnız Bakı ilə Ankara arasındakı inteqrasiyanı dərinləşdirmir, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında fiziki bağları gücləndirən mühüm vasitəyə çevrilir.

Bu dəhliz vasitəsilə Azərbaycan Türk dünyasının Qərbə açılan əsas qapısına çevrilməklə yanaşı, həm Çin–Orta Asiya–Qafqaz–Avropa (Şərq-Qərb), həm də Rusiya–Qafqaz–İran–Cənubi Asiya (Şimal-Cənub) marşrutlarının kəsişməsində yerləşərək regionda nəqliyyat və logistika mərkəzinə çevrilmək yolunda inamla irəliləyir.

Qardaşlıqdan strateji ortaqlığa

Bu mərhələdə Azərbaycanla Türkiyə arasında inkişaf edən əməkdaşlıq artıq sadəcə “qardaşlıq” anlayışı ilə izah olunmur. İki ölkə arasında ortaq maraqlara əsaslanan dərin strateji inteqrasiya prosesi baş verir.

Azərbaycanın müdafiə sənayesində Türkiyə ilə əməkdaşlıq marağı, birgə hərbi təlimlər və ortaq istehsal təşəbbüsləri sayəsində Qafqazda təhlükəsizlik balansı Türkiyə mərkəzli bir model üzərində formalaşır.

Bundan əlavə, Azərbaycan təbii qaz, elektrik və yükdaşıma layihələri vasitəsilə Türkiyə üzərindən Avropaya çıxış əldə etməklə, iqtisadiyyatını həm Rusiya, həm də İran asılılığından uzaqlaşdırır. Eyni zamanda, bu addımlar Bakıya Qərblə birbaşa iqtisadi inteqrasiya imkanları yaradır.

Avropa İttifaqı ilə rasional və tarazlı siyasət

2024-cü ilin ortalarından başlayaraq Avropa İttifaqı ilə münasibətlərində açıq-aşkar normallaşma müşahidə edilən Azərbaycan enerji təhlükəsizliyi məsələsində öz strateji əhəmiyyətindən uğurla istifadə edir.

Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində apardığı siyasət fonunda, Azərbaycan həm təbii qaz, həm də yaşıl enerji layihələri ilə diqqət çəkir. Xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi Bakının Avropa ilə strateji əməkdaşlıqda yeni bir səhifə açmasına zəmin yaradır.

Lakin Bakı bu prosesi ağıllı və milli maraqlara əsaslanan yanaşma ilə yürüdür – nə tam şəkildə Qərbə bağlanır, nə də Moskva və Tehran orbitinə daxil olur. Bu balanslı və müstəqil xarici siyasət kursu Azərbaycanı regiondakı digər dövlətlərdən fərqləndirən mühüm amillərdəndir.

Türk dünyasında lider rol və Orta Asiyaya açılan qapı

Azərbaycan, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatında ən fəal iştirak edən ölkələrdən biridir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində qurulan yeni tərəfdaşlıqlar Azərbaycanı Orta Asiyanın Avropaya açılan əsas qapısına çevirir.

Yeni regional düzənin aparıcı iştirakçısı

2025-ci ildən etibarən Azərbaycan yalnız regional layihələrin iştirakçısı deyil, həm də bölgədə geosiyasi tarazlıqların yenidən qurulmasında fəal rol oynayan bir dövlətə çevrilməkdədir.

Məsələn, Azərbaycan Suriya ilə münasibətlərin normallaşdırılması prosesinə erkən qoşulan ölkələrdən biri olaraq Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət edir. Bakı bu prosesdə humanitar yardım və bərpa sahəsində fəal iştirak etməklə öz yumşaq gücünü nümayiş etdirir.

Bununla yanaşı, Körfəz ölkələri ilə əlaqələrini gücləndirən Azərbaycan, Orta Şərq kapitalını cəlb etməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də ciddi irəliləyiş əldə edir.

Azərbaycanın yüksəlişi davam edir

Bütün bu addımlar və strategiyalar göstərir ki, Azərbaycan – Qarabağda sərt gücünü, Türk dünyasında yumşaq gücünü, Avropa və Asiya bazarlarında iqtisadi gücünü, çoxqütblü sistemdə isə diplomatik bacarığını ağıllı şəkildə istifadə edərək – bölgənin parlayan ulduzu kimi yüksəlməkdə davam edir.

Türkiyədən xüsusi olaraq Editor.az üçün, 

Adəm Kılıç

Siyasi şərhçi, analitik

Seçilən
14
editor.az

1Mənbələr