Suriya hakimiyyəti ilə druz icması arasında yeni atəşkəs razılaşması əldə olunub. Xarici KİV-lərin məlumatına görə, ölkənin cənubundakı Suveyda vilayətində baş verən son toqquşmalar fonunda tərəflər gərginliyin azaldılması üçün razılığa gəliblər.
Gərginliyin kəskinləşməsi avqustun 2-də başlayıb. Bədəvi silahlılar Ayra şəhərinə hücum edərək atəş açıblar. Daha sonra druz silahlı birləşmələri Suveydanın qərbində yerləşən Təl-Hədid kəndinə hücum edərək nəzarəti ələ alıblar.
Suriya təhlükəsizlik orqanlarının yaydığı məlumata əsasən, hücumlar zamanı beş təhlükəsizlik əməkdaşı həlak olub. Bəzi yaşayış məntəqələri də atəşə tutulub. Hadisələr iyulun 19-dan qüvvədə olan atəşkəs rejiminə baxmayaraq baş verib. Həmin atəşkəs, druzlarla ərəb qəbilələri arasında bir həftə davam edən şiddətli döyüşlərdən sonra əldə olunmuşdu. Qeyri-rəsmi məlumatlara əsasən, həmin toqquşmalarda yüzlərlə insan ölüb və yaralanıb.
Suriya təhlükəsizlik qüvvələrindəki mənbələr bildiriblər ki, druz silahlılarının hücumları hökumətin regionda sabitliyi bərpa etmək səylərinə zərbə vurmaq məqsədi daşıyır.
Ələpoda isə kürd koalisiyası ilə ordu toqquşdu
Digər tərəfdən, Suriyanın şimalında – Ələpo vilayətində, hökumət qüvvələri ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında silahlı qarşıdurma yaşanıb. Suriya Müdafiə Nazirliyi xəbər verir ki, kürd silahlı dəstələri Manbic şəhəri yaxınlığındakı Əl-Qayariyə bölgəsinə daxil olmağa cəhd ediblər.
Toqquşma zamanı SDQ bölmələri tərəfindən yaşayış evinə raket atılıb. Nəticədə dörd hərbçi və üç mülki şəxs yaralanıb. Suriya ordusu cavab olaraq düşmən mövqelərinə dəqiq zərbələr endirib. Nazirliyin məlumatına görə, bir raket qurğusu və bir neçə artilleriya vasitəsi məhv edilib.
Ələponun şimalında son belə qarşıdurma iyulun 11-də qeydə alınmışdı.
Hazırladı: Ulusal.az