"İnanıram ki, kainatda tək deyilik"
Sosial şəbəkələrdə tez-tez soruşulan suallar, bəzən qəribə, bəzən qorxulu, bəzən isə düşündürücüdür: Yadplanetlilər varmı? Zərrə qədər həyatın ola bilməyəcəyi yerlərdə həyat mümkündürmü? Zona 51-də əslində nə baş verir?
Moderator.az xəbər verir ki, bu suallara NASA-da çalışan astrobioloq Devid Qrinspun cavablandırıb. Bu barədə "inosmi.ru" nəşri yazıb.

Yadplanetlilər həqiqətən varmı?
Fikrimcə, bəli, var. Qalaktikamızda təxminən 30 milyard potensial həyat üçün əlverişli planet mövcuddur. Onların heç olmasa kiçik bir hissəsində həyat yaranıbsa belə, bu artıq böyük ehtimaldır. Yer kürəsini və onun yaranışını nə qədər dərindən öyrənsək, bir o qədər aydın olur: burada heç nə fövqəltəbii deyil. Yer üzündə həyat varsa, başqa yerlərdə də ola bilər. Mən şəxsən onların varlığına inanıram. Amma elm adamı olaraq deyirəm: hələ ki, bunun sübutu yoxdur. Lakin axtarışlar davam edir.
Hazırda hansı missiyalar həyata keçirilir?
Marsda qədim həyat izlərini axtaran roverlər aktiv fəaliyyət göstərir. 2030-cu illərin əvvəllərində "Europa Clipper" adlı kosmik missiya Yupiterin peyki olan Avropa istiqamətində göndəriləcək. Bu peykin buzla örtülü okeanında həyatın olub-olmadığını araşdırmaq üçün temperatur, təzyiq və maddələr axını ölçüləcək. Əgər həyat üçün əlverişli mühit aşkarlanarsa, növbəti addım eniş və buz altına enmək olacaq.
Yaxın illərdə həyata keçiriləcək digər maraqlı missiya isə "Dragonfly" adlanır - bu, nüvə enerjisi ilə işləyən pilotsuz uçuş aparatı Saturna məxsus Titan peykinə göndəriləcək. Titanın sıx, azot əsaslı atmosferi və orqanik molekullarla zəngin mühiti Yer kürəsini xatırladır. "Dragonfly" Titan səthində enişlər edərək nümunələr toplayacaq və sonra digər bölgələrə uçararaq tədqiqatı davam etdirəcək.
Yaxın zamanda "Bennu" adlı asteroidə göndərilmiş missiya nəticəsində Yerə 100 qramdan artıq nümunə gətirilib. Araşdırmalar göstərib ki, orada amin turşuları (zülal əsasları) və nukleotidlər (DNT və RNT komponentləri) mövcuddur. Bu da onu göstərir ki, həyat üçün zəruri olan elementlər Günəş sisteminin hər yerində yayılıb.
"Nimitz" hadisəsi və UNO-ların elmi izahı varmı?
2004-cü ildə "Nimitz" aviadaşıyıcısının pilotları tərəfindən müşahidə edilən qeyri-adi obyektlər geniş müzakirəyə səbəb olub. Təsvirlərə görə, obyekt okeanı "qaynadıb", çox yüksək sürətlə hərəkət edib və heç bir insan texnologiyasına bənzəməyib. Açığını desəm, bunun tam izahı yoxdur. Amma bu hadisəni nə astrobiologiya, nə də yadplanetli texnologiyası ilə əlaqələndirmək üçün elmi əsas yoxdur.
Əksər mütəxəssislərin gəldiyi nəticəyə görə, müşahidə olunan sürət və trayektoriya, sadəcə, kamera hərəkəti nəticəsində yaranan optik illüziya - paralaks effekti ilə bağlıdır. Qısası, bu hadisənin şərhi üçün bizə daha çox və daha dəqiq məlumat lazımdır. Hələlik isə yadplanetlilərlə əlaqəni təsdiqləyəcək heç bir dəlil yoxdur.
Zona 51: sirr, yoxsa sadə poliqon?
Çox adam bu yerdə "yadplanetlilərin sınaqdan keçirildiyini" düşünür. Amma real mənzərə daha sadədir: Zona 51 ABŞ-ın eksperimental hərbi aviasiya test poliqonudur. Mənim əlimdə bu yerdə yadplanetlilərlə bağlı hər hansı "bomba: məlumat yoxdur.
SETI nədir və niyə vacibdir?
SETI, yəni "Yadplanetli Ağılların Axtarışı" (Search for Extraterrestrial İntelligence) proqramı əvvəllər yalnız radiodalğalar üzərində qurulub. Bu gün isə lazer siqnallarının axtarışı da prioritetlər sırasındadır. Axı inkişaf etmiş sivilizasiyalar rabitədə məhz lazerlərdən istifadə edə bilərlər. SETI ilə METI-ni qarışdırmaq olmaz. METI, yəni "Mesajlar göndərmək" (Messagesto Extraterrestrial İntelligence) daha çox mübahisə yaradır, çünki bu proqram bəşəriyyətin adından kosmosa aktiv siqnallar göndərir. Bəziləri bunu etik hesab etmir.
Tarixdə inandırıcı UNO müşahidələri varmı?
Astrobioloq kimi deyirəm: elə bir sübut yoxdur. Əlbəttə, atmosferimizdə izahı çətin olan hadisələr müşahidə olunur. Məsələn, "sprite" adlı ildırım boşalmaları əvvəllər mif hesab olunurdu, amma artıq onların varlığı sübut edilib. Bununla belə, hər naməlum hadisəni "yadplanetli texnologiyası" kimi şərh etmək elmi yanaşma deyil. Bu, əksinə, mövzuya ciddi yanaşmamağın əlamətidir.
"Kölgə biosferası" - bildiyimiz həyatın kənarında olan həyat
Bəlkə də Yer üzündə hələ tanımadığımız canlı formalar var və elə yerlərdə yaşayırlar ki, həyatın mövcudluğu orada mümkünsüz sayılır: yüksək turşuluq, ekstremal temperatur və s. Artıq məlumdur ki, ekstremal mühitlərdə yaşaya bilən mikroorqanizmlər mövcuddur. Bu da bizi "kölgə biosferası" anlayışına gətirir, yəni bizdən tamamilə fərqli biokimyəvi əsaslarla formalaşmış həyat sistemləri ola bilər. Bu ideya astrobioloqlar üçün təkcə hipotez deyil, həm də düşüncə sərhədlərini genişləndirən bir bələdçidir.
100 ilə ağıllı sivilizasiya tapacağıq?
"James Webb" teleskopu bizə başqa planetlərin atmosferlərini analiz etməyə imkan verir. Gələcək teleskoplarla bu imkanlar daha da genişlənəcək. Eyni zamanda, radioastronomiyada da metodlar təkmilləşir. Əgər ağıllı sivilizasiyalar varsa, onlarla qarşılaşmaq üçün indiki qədər yaxın olmamışıq. Qarşıdakı 100 il bu baxımdan dönüş nöqtəsi ola bilər.
Elm bizə öyrədir ki, həyat nə qədər möcüzəvi görünsə də, onun ortaya çıxması üçün lazım olan maddələr kainatda geniş yayılıb. Ola bilsin ki, biz hələlik tək görünürük, amma bu, tək olduğumuz anlamına gəlmir. Biz sadəcə onları tapmaq üçün yoldayıq və bəlkə də bu, bəşəriyyətin ən həyəcanlı yolçuluğudur.