BAKI, 3 avqust. TELEQRAF
Avropa Komissiyası Slovakiya və ABŞ arasında atom enerjisi sahəsində əməkdaşlıqla bağlı hökumətlərarası saziş layihəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso məlumat verib.
O bildirib ki, Avropa Komissiyası sazişin məzmununu müsbət qiymətləndirib:
"Avropa İttifaqının daxili qaydalarına əsasən, üzv ölkələr üçün Aİ-yə daxil olmayan ölkələrlə bağlanacaq bu kimi razılaşmalar əvvəlcədən Aİ tərəfindən qiymətləndirilməlidir. Saziş layihəsi artıq ABŞ tərəfindən təsdiqlənib və yaxın vaxtlarda Slovakiya hökuməti də onu qəbul edəcək".
Fitso əlavə edib ki, sənəd imzalandıqdan sonra Yaszlovske-Bohuņitse qəsəbəsində yeni atom elektrik stansiyası blokunun inşası ilə bağlı əlavə saziş də bağlanacaq.
Xatırladaq ki, Fitso daha əvvəl Slovakiyanın 2028-ci il yanvarın 1-dən etibarən Rusiya qazından tam imtina ilə bağlı Aİ təşəbbüsünü dəstəkləməyəcəyini bildirmişdi. O, bu təşəbbüsü Rusiyaya qarşı hazırlanan 18-ci sanksiya paketinin bir hissəsi adlandıraraq, paketin yalnız Slovakiya üçün risklərin qiymətləndirilməsindən sonra dəstəklənə biləcəyini vurğulamışdı.