AZ

"İsrail soyqırım və məcburi köçürülmə siyasəti yeridir" - Hakan Fidan

 
"Dünyanın müxtəlif ölkələri Fələstin dövlətini tanımaqda davam edir və bu proses İsrailin beynəlxalq aləmdə daha da təcrid olunması ilə nəticələnir..."
 
Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda HAMAS nümayəndə heyətini qəbul edib. Görüşdə HAMAS-ın rəhbər şurasının sədri Məhəmməd Dərviş başda olmaqla təşkilatın yüksək səviyyəli təmsilçiləri iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "trt.global" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, tərəflər əsas diqqəti İsrailin Qəzza bölgəsindəkı hərbi və humanitar siyasətinə yönəldib.
 
HAMAS nümayəndələri bildirib ki, İsrailin humanitar yardım buraxması sadəcə rəmzi xarakter daşıyır və əslində Qəzzadakı real ehtiyacların heç birini qarşılamır. Onlar vurğulayıb ki, İsrail atəşkəs danışıqlarında barışmaz mövqe tutur və prosesin irəliləməsinə imkan vermir.
 
Nazir Hakan Fidan isə daha kəskin ifadələrlə çıxış edib. O, İsrailin Qəzza sakinlərini aclığa məhkum etməklə soyqırım siyasəti apardığını bəyan edib və bu siyasətin arxasında Benjamin Netanyahunun "sülh istəyi olmayan" bir mövqe tutduğunu söyləyib. Onun sözlərinə görə, İsrailin əsas hədəfi müqaviməti qırmaq və fələstinliləri öz doğma torpaqlarından zorla çıxarmaqdır.
 
"İsrail İordan çayının Qərb Sahilini ilhaq etmək istəyir"
 
Fidan açıq şəkildə bəyan edib ki, İsrailin İordan çayının Qərb Sahilini ilhaq etmək və fələstinliləri öz ərazilərindən qovmaq yönündə atdığı addımlar qəbuledilməzdir. O, Türkiyənin diplomatik səylərə sadiq qaldığını və danışıqların davamını dəstəklədiyini bildirib.
 
Eyni zamanda, o vurğulayıb ki, beynəlxalq ictimaiyyətin Fələstin məsələsinə dəstəyi artmaqdadır. Dünyanın müxtəlif ölkələri Fələstin dövlətini tanımaqda davam edir və bu proses İsrailin beynəlxalq aləmdə daha da təcrid olunması ilə nəticələnir.
 
"Təmaslar təkcə siyasi deyil, həm də strateji xarakter daşıyır"
 
Rəsmi açıqlamalardan kənar bu görüşün daha dərin və strateji müzakirələrə səhnə olduğu ehtimal olunur. Ərdoğan hakimiyyətinin Qətərdən fərqli olaraq Qərbin təsirindən daha az asılı olması, Türkiyənin coğrafi mövqeyi, güclü infrastruktur və Qərbə yaxınlığı HAMAS üçün mühüm üstünlüklər yaradır.
 
Beləliklə, Ankaranın HAMAS ilə təmasları təkcə siyasi deyil, həm də strateji xarakter daşıyır və bu, İsrailin bölgədəki təklənmiş mövqeyini daha da gücləndirir. Türkiyə İsrailin Fələstin siyasətinə qarşı tənqidlərini açıq şəkildə ifadə etməklə yanaşı, HAMAS-ı legitim bir tərəfdaş kimi qəbul etdiyini göstərir. Ankaranın bu mövqeyi İsrailin regiondakı diplomatik təcridini artırır və eyni zamanda, Fələstin məsələsinin beynəlxalq gündəmdə daha kəskin şəkildə qalmasına yol açır.
Seçilən
8
moderator.az

1Mənbələr