AZ

Suriyada atəşkəs pozuldu: Şiddətli döyüşlər yenidən başladı, ölənlər var

Suriyanın cənubunda yerləşən Əs-Suveyda əyalətində yenidən silahlı toqquşmalar başlayıb. 

Bu barədə “Əl-Cəzirə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, avqustun 2-də axşam saatlarında druz qrupları ilə əlaqəli qeyri-qanuni silahlı birləşmələr Əs-Suveyda şəhərinin qərbində yerləşən Təl-Hədid kəndinə hücum edərək əraziyə nəzarəti ələ keçiriblər.

Suriya təhlükəsizlik qüvvələrinin açıqlamasına görə, hücum zamanı digər yaşayış məntəqələri də atəşə tutulub, eləcə də ölkənin daxili təhlükəsizlik xidmətinin mövqelərinə hücum edilib. Nəticədə 5 hüquq-mühafizə əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Yerli mətbuat hücumların iyulun 19-dan qüvvədə olan atəşkəs rejiminə baxmayaraq baş verdiyini yazır. Qeyd edək ki, həmin atəşkəs bir həftə davam edən qanlı döyüşlərdən sonra druz icması ilə ərəb qəbilələri arasında əldə olunmuşdu. Qeyri-rəsmi məlumatlara əsasən, həmin qarşıdurmalarda yüzlərlə insan ölüb və yaralanıb.

Təhlükəsizlik qüvvələrindəki mənbələr hesab edir ki, bu hücumlar Suriya hökumətinin regionda sabitliyi bərpa etmək səylərinə zərbə vurmaq məqsədi daşıyır.

Seçilən
1
news365.az

1Mənbələr