AZ

İngiltərənin məşhur klubu dərin böhranla üz-üzə

İngiltərənin məşhur "Şeffild Uensdey" klubu dərin böhranla üzləşib.

İdman.biz xəbər verir ki, bu böhran təkcə 2025/26 mövsümündə "Championship"də komandanın startına deyil, ümumiyyətlə, klubun mövcudluğuna təhlükə yaradır.

Klub iyun və iyul ayları üzrə maaşları ödəməyib – bu, son beş ayda baş verən dördüncü belə hadisədir. Futbolçular və əməkdaşlar FIFA qaydalarına əsasən müqavilələri pozmaq niyyətində olduqlarını bildiriblər.

Maaşların gecikməsi səbəbilə komanda "Börnli" ilə yoxlama oyununu keçirməkdən imtina edib. İngiltərə Futbol Liqası (EFL) klubdakı vəziyyətdən narahatlığını ifadə edib.

Komandanın baş məşqçisi Danni Röl mövsüm başlamazdan əvvəl qarşılıqlı razılaşma əsasında vəzifəsini tərk edib. Onunla birlikdə köməkçiləri də klubdan ayrılıb. Komandanın sükanı 47 yaşlı danimarkalı Henrik Pedersenə tapşırılıb.

Klub transfer qadağası altındadır – digər klublara olan borclara görə yeni oyunçuları qeydiyyatdan keçirmək mümkün deyil.

Şəhər Şurası "Hillsboro" stadionunun Şimal tribunasını ciddi problemlərə – korroziya və çatlara görə bağlayıb. Tribunanın bərpası kluba xeyli məbləğə başa gələcək.

Klubun sahibi Deyfon Çansiri klubun aktivlərini 100 milyon funt-sterlinqdən çox qiymətləndirir, baxmayaraq ki, klubun 4 milyon funt-sterlinqdən çox borcu var və futbolçular maaş almır. Bu vəziyyət potensial investorları "Şeffild Uensdey"dən uzaqlaşdırır.

Klubda kadr böhranı yaşanır: bir çox futbolçu, o cümlədən liderlər, müqavilələrin pozulması üçün ərizə verib. Əsas komandada cəmi 11 futbolçu qalıb.

Avqustun 10-a nəzərdə tutulmuş "Şeffild Uensdey" – "Lester" oyununun keçirilməsi çoxsaylı problemlərə görə sual altındadır. Azarkeşlər klub sahibinin fəaliyyətinə və əsassız dərəcədə yüksək abunə qiymətlərinə qarşı kütləvi etirazlar keçirir.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr