AZ

Medvedevdən Trampa sərt xəbərdarlıq: “Kompromat yalnız “Mossad”da deyil, bizdə də var – yerini bil!”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev ABŞ lideri Donald Trampa qarşı sərt bəyanatla çıxış edib.

"Ölkə.az" xəbər verir ki, onun fikirləri Rusiya ilə ABŞ arasında artmaqda olan gərginliyin fonunda beynəlxalq media orqanlarında geniş rezonans doğurub.

Medvedev sosial şəbəkələrdə yayılan açıqlamasında deyib:

“Təkcə “Mossad”ın yox, başqalarının da Tramp haqqında kompromat videoları var. Ona görə də öz yerini bilməsi yaxşı olar”.

Bu bəyanat birbaşa Donald Trampın Rusiyaya qarşı son açıqlamalarına cavab olaraq səsləndirilib.

Xatırladaq ki, ABŞ prezidenti daha öncə verdiyi açıqlamalarda Rusiya rəhbərliyini “təhlükəli oyunlar” oynamaqla ittiham etmiş, Moskvanın Ukraynaya qarşı fəaliyyətlərinə cavab olaraq sanksiyalar və hərbi tədbirlər daxil olmaqla, müxtəlif variantların gündəmdə olduğunu bildirmişdi.

Bunun ardınca Tramp iki strateji nüvə başlığı daşıyan sualtı qayıqların “əlaqədar regionlara” yerləşdirilməsi barədə göstəriş verib. Bu addım Medvedevin “Dead Hand” – yəni Rusiya rəhbərliyi məhv edildikdə belə avtomatik nüvə cavabı verə bilən sistem haqda xəbərdarlığından sonra atılıb.

Medvedev həmçinin Trampı “məyus olmuş keçmiş prezident” adlandıraraq, onu təxribatçı ritorikadan uzaq durmağa çağırıb. Rusiyalı siyasətçi bildirib ki, bu cür təhdidlər nəticə etibarilə tammiqyaslı müharibəyə gətirib çıxara bilər.

Bu arada Rusiyanın mətbu orqanları da bu ritorikanı gücləndirərək, ABŞ rəhbərliyini “təhlükəli kursa” qədəm qoymaqda ittiham edir. Qərb ekspertləri isə Medvedevin bəyanatını Rusiya tərəfindən informasiya savaşı kontekstində atılmış psixoloji təzyiq vasitəsi kimi dəyərləndirir.

Tramp tərəfi hələlik Medvedevin bu son bəyanatına birbaşa cavab verməyib. Lakin Ağ Evə yaxın dairələr bildirirlər ki, ABŞ prezidenti Rusiyanın hərbi ritorikasını ciddi şəkildə izləyir və bu fonda NATO ilə birlikdə əlavə tədbirlərin görülməsi də istisna edilmir.

Müşahidəçilər hesab edir ki, Medvedevin “kompromat”la hədələmə cəhdləri ABŞ-Rusiya münasibətlərində yeni bir təhlükəli mərhələnin başlandığını göstərir. Bu isə təkcə iki ölkə arasında deyil, ümumilikdə qlobal sabitlik üçün də ciddi risklər yaradır.

Seçilən
1
4
olke.az

5Mənbələr