"Kreml rejiminin mahiyyəti və müharibədən sonrakı Ukrayna ssenariləri..."
Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kiril Budanov hesab edir ki, Rusiya Federasiyasında qurulmuş siyasi sistem təkcə sabit və davamlı deyil, həm də prezident Vladimir Putinin özü ilə müqayisədə daha möhkəmdir.
Moderator.az xəbər verir ki, bu barədə o, Natalya Moseyçuka verdiyi müsahibəsində bəyan edib. Məlumatı "informator.ua" nəşri yayıb.

Onun fikrincə, bu sistem elə formalaşdırılıb ki, lider dəyişsə belə, əsas mexanizm eyni qalacaq. Hətta Putinin ölümü belə ciddi dəyişikliklərə səbəb olmayacaq.
Budanov bildirir ki, Rusiya cəmiyyətində bu sistemlə doğulub yaşayan, onun içində formalaşan bütöv bir nəsil yetişib. Bu insanlar üçün alternativ bir həyat təsəvvürü yoxdur. Elə bu səbəbdən də rejim təməlindən etibarlıdır və istənilən stres şəraitində davam edə bilir. Onun sözlərinə görə, hətta ən yaxın ətrafda baş verən sui-qəsd və ya siyasi qarşıdurmalar belə ciddi parçalanmalara səbəb olmur - hər şey "protokola uyğun" şəkildə davam edir.
O, Rusiya rejiminin totalitar sistemlər kimi varisləri əvvəlcədən hazırladığını qeyd edir. Bu model Şimali Koreyada olduğu kimi, siyasi ardıcıllığın dəqiq planlaşdırıldığı bir sistemdir. Nəticədə, istənilən "varis" sistemin daxilində eyni qaydalara tabe olacaq və bu, dəyişməyəcək. "Onlar namizədləri dəyişsə də, əsas kurs dəyişmir", - Budanov vurğulayır.
Müharibədən sonra Ukraynanı hansı yol gözləyir?
Budanov yalnız Rusiya sistemini deyil, Ukraynanın müharibədən sonra qarşılaşa biləcəyi mümkün inkişaf ssenarilərini də təhlil edib. Onun fikrincə, dörd əsas model mövcuddur:
- Gürcüstan ssenarisi - Qərbin dəstəyi zəifləyir, iqtisadi və siyasi sabitlik pozulur, Avropa inteqrasiyası dayanır, Ukrayna yenidən Rusiya orbitinə düşə bilər.
- İsrail modeli - Ölkə "qala"ya çevrilir, hərbi potensial güclənir, lakin əcnəbi qoşunlar olmadan Qərbin davamlı dəstəyi ilə Ukrayna öz təhlükəsizliyini təmin edir.
- Cənubi Koreya variantı - NATO-ya üzvlük olmur, işğal olunmuş ərazilər qaytarılmır, amma ABŞ qoşunlarının iştirakı və təhlükəsizlik zəmanətləri ilə ölkənin böyük hissəsi sabit inkişaf edə bilir.
- Belarus yolu - ABŞ və Avropa dəstəyi geri çəkilir, Rusiya Ukraynanı vassal dövlətə çevirir, nəticədə Qərb parçalanır və qlobal nizam sarsılır.
Budanov bu ssenarilərin heç birini "qətilik" kimi təqdim etmir - onlar sadəcə mümkün yol xəritələridir. Onun fikrincə, ən önəmli sual budur: Ukrayna xalqı öz gələcəyini necə görür və hansı yolu seçmək istəyir? İsrail və Cənubi Koreya modelləri müəyyən üstünlüklərə malik olsa da, geniş ictimai razılaşma olmadan bunlar da mübahisəlidir.
Yeni "Yalta" mümkündürmü?
Budanov bu gün baş verənlərin nəticəsində yeni bir "Yalta razılaşması" və ya "Helsinki Aktı"nın meydana çıxa biləcəyini istisna etmir - bəlkə də birbaşa şəkildə deyil, amma rəmzi məna daşıyan şəkildə mümkündür. Lakin əsas sual budur: bu razılaşmaları kim və hansı şərtlərlə bağlayacaq?
O, əlavə edir ki, əslində 2014-cü ildən əvvəlki qlobal nizamın qorunub saxlanılması daha məqsədəuyğun olardı. Çünki problemlərin mənbəyi elə o zaman - Krımın ilhaqı ilə başlayıb və dünya bu pozuntulara susqun qalıb. Bu isə Rusiyaya cəzasızlıq hissi verib və sistemli təcavüzü təşviq edib.
Budanovun baxış bucağına görə, qarşıdakı illərdə Ukraynanın və ümumilikdə Avropanın taleyi yalnız döyüş meydanlarında deyil, həm də strateji qərarlarda və kollektiv iradədə həll olunacaq. Rusiya sisteminin möhkəmliyi və Ukraynanın gələcəyinə dair qeyri-müəyyənliklər fonunda əsas məsələ öz yolu və şəxsiyyətini qorumaq uğrunda mübarizədir.