"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Sportal.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan” çoxlarının gözləmədiyini etdi. “Aris” səddini necə keçdiniz?
- Bəli, komanda böyük iş gördü. Nəticəyə görə də çox sevinirik. Bu, bütün komandanın zəhmətidir.
- Bakıdakı 2:1 hesablı qələbədən sonra yəqin ki, inamınız daha da artmışdı?
- Bakıdakı matçda buraxılan qola çox yaxşı reaksiya vermişdik. Hətta "Aris"i Bakıda məğlub etsək də, Salonikidə bizim üçün asan olacağını qətiyyən düşünmürdük. Böyük üstünlüyümüzün olduğunu da fikirləşmirdik. Hər halda, sona qədər mübarizə apardıq və qalib gəldik.
- Salonikidəki görüşdə hesab 2:0 olduqdan sonra “Araz-Naxçıvan” üçün işlərin asan olacağını gözləmək olardı. Amma meydanda azlıqda qalmağınız işinizi daha da çətinləşdirdi?
- "Aris"in bu üstünlükdən yararlanmaq istəyəcəyini yaxşı başa düşürdük. Əsas o idi ki, biz sakitliyimizi saxlayaq və oyunda diqtə edək. Çətin olsa belə, bunu etməliydik. Şadam ki, sona qədər bizə lazım olan hesabı saxladıq. Sonda da mərhələni adladıq.
- Bu görüşdə sənə çox iş düşdü. Amma bir epizodda ardıcıl iki seyv etdin. İlk zərbəni dəf etdikdən sonra yerə düşən topa rəqib hücumçunun toxunmasına imkan vermədin. Həmin anı necə şərh edərdin?
- Həqiqətən də asan zərbə deyildi. Əsas odur ki, həmin epizodun öhdəsindən gəldim və komandanın döyüşkən ruhunu saxladım.
- Matç bitdikdən sonra “Aris”in futbolçuları ilə aranızda mübahisə yaşandı. Orada nə baş vermişdi?
- Həyatdır da. Həmin anda o cür emosiyaları gizlətmək elə də asan deyil. Onlar hər zaman müsbət olmaya bilər. Kart almaq asandır. Amma əsas odur ki, istənilən vəziyyətdə insan olaraq qalasan.
- Növbəti mərhələdə rəqibiniz “Omoniya” olacaq. Onlar 2-ci təsnifat mərhələsində “Torpedo”(Kutaisi) klubunu keçdilər. Kipr klubu ilə mübarizədə şansları necə dəyərləndirirsən?
- Tələsməyək. “Omoniya” güclü rəqibdir. atları güclü rəqibdən qabaq etməyək. Sadəcə yaxşı hazırlaşmaq lazımdır. Əminəm ki, məşqçilər korpusu ilə birlikdə bunu edəcəyik. Meydanda da sona qədər mübarizə aparacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi