Bu dünyada uşaq olmaq da çətindir. Bu ifadənin nə qədər doğru olduğunu Sabirabadda baş verən dəhşətli hadisə bir daha sübut etdi.
Sosial şəbəkələrdə hər kəs paylaşım edir, çağırışlar səsləndirir, günahkarın ən sərt şəkildə, hətta edamla cəzalandırılmasını tələb edir. Amma sizcə, o, edam edilsə, bu cəmiyyət doğrudan da dəyişəcəkmi?
Bəlkə də bu xəbəri oxuduğunuz anda daha bir körpənin uşaqlığı əlindən alınır; bəlkə də bir vaxtlar uşaqkən anlamadığınız hərəkətlər də zorakılığın, təcavüzün başqa bir forması idi; bəlkə də bu gün paylaşım edənlərin, qınayanların içində də var elə belələri...
“Ağsaqqala hörmət”, “abır-həya”, “ar-namus” deyə-deyə süfrənin başında əyləşdirilən, hər doğum günündə “Allah səni ailənin başından əskik etməsin” deyilən “adam”... İlahi, kaş əskik edərdin! Əskik edərdin ki, körpələr travmasız böyüyərdi; əskik edərdin ki, güvənimiz qırılmazdı…
Məlum videonun altında bir şərh vardı: “Uşaq heç qorxmur, özü yaxınlaşır”. İndi deyin, bu cümləni yazanla 64 yaşlı pedofil arasında nə fərq var? Qocanı qınayaq, videonu çəkəni, çəkməyə razı salan ətrafı, uşağı ora göndərən ailəni də... Hamısını. Amma oyun oynadığını zənn edən 4 yaşlı uşağın nə günahı var?
Biz bu cür halları “insanlığa sığmayan hadisə” adlandırırıq. Bəs insanlığı kim müəyyən edib? Düzgün insan kimdir və bu meyarları kim yaradıb? “Məndən böyükdür, demək ki, daha ağıllıdır” deyə düşündüyümüz o “böyüklərdən” öyrəndik biz insanlığı?
“Əvvəllər belə şeylər yox idi” deyirlər. İnanmıram. Sadəcə o zaman sosial media yox idi, danışan yox idi, ad çıxar deyə susanlar vardı…
Qoruyun uşaqları! Qoruyun ki, tez böyüməsinlər. Qoruyun ki, qorxmadan yaşasınlar. Qoruyun ki, uşaq olduqlarını hiss edə bilsinlər…