1–7 avqust tarixləri hər il "Ümumdünya ana südü ilə qidalandırma həftəsi" kimi qeyd olunur. Bu mühüm həftə ərzində bütün dünyada həkimlər, səhiyyə təşkilatları və cəmiyyətlər bir araya gələrək ana südünün əvəzolunmaz rolunu vurğulayır və körpələrin sağlam gələcəyi naminə bu qızıl mənbəyə diqqətin artırılmasına çalışırlar.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, MDB dövlətlərinin Nadir Xəstəliklər üzrə Konsorsium Şurasının üzvü, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bu münasibətlə fikirlərini bildirib.
Ekspert ana südünün sadəcə qida deyil, körpənin həyatının ilk aylarında immun sistemini formalaşdıran, infeksiyalardan qoruyan və fiziki-psixoloji inkişafını təmin edən təbii peyvənd olduğunu deyib. Qeyd edib ki, Dünya Səhiyyə Təşkilatının və UNICEF-in tövsiyəsinə əsasən, uşaqların ilk 6 ay yalnız ana südü ilə qidalanması, 2 yaşına qədər isə tamamlayıcı qidalarla yanaşı ana südünün davam etdirilməsi ən ideal qidalanma modelidir.
"Hazırda dünyanın bir çox ölkəsində ana südü ilə eksklüziv qidalanma göstəriciləri hələ də arzuolunan səviyyədə deyil. Səhiyyə sistemlərinin bu sahədə maarifləndirmə və dəstək səylərinə baxmayaraq, bəzən yanlış məlumat, sosial təzyiqlər və ya tibbi müşahidənin olmaması səbəbindən analar süni qidalanmaya erkən keçid edirlər. Halbuki tədqiqatlar ana südü ilə qidalanan körpələrdə qrip, pnevmoniya, qulaq iltihabı, ishal kimi xəstəliklərə yoluxma riskinin əhəmiyyətli dərəcədə azaldığını göstərir", - deyə pediatr alim vurğulayıb.
Ekspert 2012–2022-ci illəri əhatə edən sistematik icmallara diqqət çəkib: "İcmallarda göstərilir ki, ana südü ilə qidalanma uşaqlarda intellekt göstəricilərində nəzərəçarpacaq müsbət dəyişikliklər yaradır. Mütəxəssislərin də bildirdiyi kimi hər əlavə ay əmizdirmə IQ səviyyəsində az da olsa artıma səbəb olur. Məsələn, İsveç və Tayvanda aparılan genişmiqyaslı araşdırmalar göstərir ki, yalnız ana südü ilə əmizdirmə ən azı 6 ay davam edərsə, uşaqların IQ göstəriciləri orta hesabla 3–4 bal yüksəlir".
Bundan əlavə, ana südündə yer alan Milk Fat Globule Membrane (MFGM) adlı komponentlər beyində sinir impulslarının ötürülməsi üçün vacib prosesi dəstəkləyir, həmçinin motor funksiyaların inkişafına yardımçı olur. MFGM ilə zəngin qidalanan körpələrin sinir sistemi göstəriciləri daha üstün ola bilər.
Təranə Tağı-zadə 2023-cü ildə aparılan universitet araşdırmasını nümunə çəkib: "Tədqiqat ana südünün bağırsaq metabolizmini dəyişdirərək 2 yaşadək uşaqlarda intellekt testlərinin nəticələrini yaxşılaşdırdığını üzə çıxarıb. Hətta ana südü və formula birgə əmizdirmə belə müəyyən faydalar təqdim edir".
"Digər araşdırmalar da göstərir ki, əmizdirilən uşaqlarda davranış problemlərinə daha az rast gəlinir və bəzən icra funksiyaları, yəni yaddaş, diqqət, planlama və s. daha güclü olur. Bu da erkən uşaqlıq dövrünün sağlam sinir sistemi ilə əlaqələndirilir. Ana südü, eyni zamanda güclü immunoloji qoruyucu rol oynayır. Onun tərkibində IgA, IgG, IgM immunoqlobulinləri, laktoferrin, lisozim, sitokinlər və digər bioaktiv maddələr yer alır. Bu komponentlər körpəni infeksiyalardan qoruyur, bağırsaq və tənəffüs yollarında zərərli mikrobların yapışmasının qarşısını alır, eyni zamanda iltihab reaksiyalarını tənzimləyir", - deyə ekspert qeyd edib.
Pediatr bildirib ki, əmizdirilən uşaqların peyvəndlərə cavabının daha effektiv olması, ishallar, pnevmoniya və qulaq infeksiyalarına qarşı daha yüksək müqavimət göstərməsi bu qoruyucu təsirlərlə əlaqələndirilir. Ana südü Bifidobacterium və Lactobacillus kimi faydalı mikrofloranın inkişafına şərait yaradır, patogen mikrobların artımını isə məhdudlaşdırır. Süd şəkərləri olan insan südü oligosaxaridləri (HMOs) isə prebiyotik təsir göstərərək bağırsaq sağlamlığını qoruyur.
Təranə Tağı-zadə nəcis nümunələrində aparılan təhlillərin də bu fərqləri təsdiqlədiyini deyib: "Ana südü ilə qidalanan körpələrdə beyin funksiyaları ilə əlaqəli bəzi faydalı metabolitlər daha çox tapıldığı halda, formula ilə qidalanan uşaqlarda toksik metabolitlər üstünlük təşkil edir. Bu fərq intellekt testlərinin nəticələrində də əks olunur".
Ekspert əlavə edib ki, İsraildə 570 min uşağı əhatə edən genişmiqyaslı kohort tədqiqatı zamanı uzunmüddətli və eksklüziv əmizdirmə ilə 2–3 yaş arası inkişaf gecikmələrinin riskinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub. Ana südü uzunmüddətli dövrdə astma, allergiya, piylənmə, diabet və bəzi onkoloji xəstəliklərə qarşı qoruyucu rol oynayır, eyni zamanda analar üçün də süd vermə süd vəzi xərçəngi, yumurtalıq xərçəngi və tip 2 diabet riskini azaldır.
Alim bu məzmunda çağırış edərək, dəstək verərək və təşviq edərək lazımi mühitin yaradılacağına ümidvar olduğunu bildirib: "Qeyd olunan istiqamətlərdə Azərbaycan da üzərinə düşən öhdəlikləri yerinə yetirməkdədir. Lakin həm səhiyyə işçiləri, həm valideynlər, həm də cəmiyyətin birgə səyləri ilə daha inklüziv, məlumatlı və dəstəkləyici bir mühit yaradılmalıdır. Baxmayaraq ki, ölkəmizdə beynəlxalq normalara, razılaşmalara və milli strategiyalara uyğun şəkildə addımlar atılır, dövlətin gördüyü işlərlə yanaşı, uğur üçün bütün maraqlı tərəflər aktiv rol almalıdır. Səhiyyə işçiləri düzgün maarifləndirmə aparmalı, pasiyentlərlə şəffaf və empatik ünsiyyət qurmalı, sübutlara əsaslanan tibbi yanaşmanı tətbiq etməlidirlər.Valideynlər öz məsuliyyətlərini dərk etməli, xüsusilə də erkən yaşda uşaqlara düzgün qidalanma və sağlam həyat tərzinin aşılanması istiqamətində fəal olmalıdırlar. Cəmiyyət stereotipləri aradan qaldırmalı, məlumatlı davranmalı, dəstəkləyici və anlayışlı yanaşma göstərməlidir.
Təranə Tağı-zadə tövsiyə edib ki, gənc analar körpələrini ilk 6 ayda ana südü ilə qidalandırmaqla, öz sağlamlıqları üçün də gözəl başlanğıc qoyurlar. Bundan əlavə, ailə üzvləri və yaxınları anaya mənəvi və praktiki dəstək olmalıdırlar ki, bu dövrdə anaların güvənə, istirahətə və anlayışa ehtiyacı var.
Burada tibb personalının da üzərinə düşən öhdəliklər var. Onlar ana südü ilə qidalanma üzrə biliklərini daim yeniləməli və analara motivasiyaedici şəkildə dəstək verməlidirlər.
Ekspert qeyd edib ki, bu çağırış təkcə bir həftəyə aid deyil, gələcək nəsillərin sağlamlığına, güclü və intellektual cəmiyyətə aparan dayanıqlı səhiyyə modelinin təməl daşıdır.
Sonda alim onu da bildirib ki, bu il "Ümumdünya ana südü ilə qidalandırma həftəsi"nin şüarı bir daha "İş yerində süd verməyə dəstək verin!" devizi ilə anaların qarşılaşdığı praktiki çətinliklərə fokuslanır. BMT və UNICEF-in çağırışına əsasən, hər bir iş yeri ana südü ilə qidalanmanı təşviq edən mühit yaratmalı, südvermə fasilələri və məkanları təmin etməlidir.