AZ

Rusiyaya AĞIR ZƏRBƏ: Minlərlə şirkət BAĞLANIR


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları ölkədə fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı genişmiqyaslı yoxlamalara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “RBC” hüquqşünaslara və konsaltinq firmalarına istinadla məlumat yayıb.

Bildirilib ki, BƏƏ-də qeydiyyatdan keçmiş Rusiya mənşəli şirkətlərin sayı 4 mini ötüb və hazırda onların maliyyə əməliyyatları ciddi nəzarətə götürülüb.

Mənbələrin sözlərinə görə, bu şirkətlərin 20-30 faizi artıq əməliyyat məhdudiyyətləri, yoxlamalar və ya bank hesablarının bağlanması ilə üzləşib.

“FTL Advisers” hüquq firmasının idarəedici partnyoru Mariya Çumanova bildirib ki, banklar müştərilərdən sürətli və tam şəkildə sənədlərin təqdim olunmasını tələb edir. Onun sözlərinə görə, bəzən 24 saat ərzində 20-yə yaxın sənədin notarial qaydada təsdiqlənərək banklara təqdim olunması tələb olunur. Müştəri banka cavab vermədikdə və ya sənədləri vaxtında göndərmədikdə hesab dərhal bloklana bilər.

“Pen & Paper” Vəkillər Kollegiyasının partnyoru Stanislav Danilov isə deyib ki, BƏƏ ilə zəif əlaqəsi olan və ya ümumiyyətlə fəaliyyəti bu ölkə ilə bağlı olmayan şirkətlər gücləndirilmiş nəzarətə məruz qalır. Onun sözlərinə görə, hətta real biznes fəaliyyəti və böyük dövriyyəsi olan şirkətlər belə problemlərlə üzləşirlər.

Hüquqşünaslar qeyd edir ki, banklar sanksiya rejiminə əməl olunmasına da xüsusi diqqət yetirir. ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahılarında yer alan kontragentlərlə əməkdaşlıq edən şirkətlərin də hesabları bağlana bilər.

“Uppercase” beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, ötən il BƏƏ-də Rusiyalıların iştirakı ilə 100-dən artıq yeni müəssisə qeydiyyatdan keçib. Bu, 2023-cü illə müqayisədə 2,5 dəfə çoxdur. Hazırda belə şirkətlərin ümumi sayı 4000-i keçsə də, onların təxminən 14 faizi – yəni hər yeddinci şirkət artıq fəaliyyətini dayandırıb.

Ən çox yeni bizneslər pərakəndə satış (26%), İT sektoru (21%) və istehsalat sənayesində (14%) açılıb.


Seçilən
41
2
news24.az

3Mənbələr