"Azərbaycan təkcə Avropanın, Qərbin deyil, eyni zamanda Şərqin də enerji təhlükəsizliyinin təmin olunmasında aktiv iştirakçı rolunu oynayır, beynəlxalq miqyasda əsas faktor kimi çıxış edir. Bu günlərdə Azərbaycan qazının Suriyaya nəqlinin baş tutması dediklərimizin təsdiqidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Türkiyənin Kilis şəhəri vasitəsilə Azərbaycan təbii qazının Suriyaya çatdırılmasına münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, bu hadisə öz-özlüyündə bir neçə istiqamətdə Azərbaycanın bir daha beynəlxalq aləmdə təqdimatı, onun gücünün, qüdrətinin göstəricisidir:
"İlk növbədə qeyd etdiyimiz kimi bu, Azərbaycanın qlobal enerji təhıükəsizliyi sistemində mühüm aktorlardan biri olduğunu göstərir. Bakının bu cür mövqeyi, enerji sektorunda güc sahibi olması qlobal spektrdə də qəbul edilir. Azərbaycan təbii qazına olan beynəlxalq marağın ildən-ilə artması bunu təsdiqidir".
Arzuman Muradlı onu da bildirib ki, sözügedən tarixi hadisə Azərbaycanın qlobal enerji sistemində nüfuzunun, yerinin göstəricisi olmaqla yanaşı, eyni zamanda Bakının təkcə regional deyil, eyni zamanda beynəlxalq humanitar məsələrdə, quruculuq-abadlıq proseslərində mühüm rol oynadığını ortaya qoyur:
"Kilis vasitəsilə Azərbaycan qazının Suriyaya çatdırılması həm də ölkəmizin adıçəkilən dövlətin quruculuq-abadlıq prosesində aktiv iştirakçı olduğunu gösrtərir. Məlumdur ki, Bəşər Əsəd rejimi devrilib Suriyada yeni keçid hökuməti formalaşdıqdan sonra Azərbaycan bu ölkədə quruculuq-abadlıq prosesində fəal iştirak edəcəyini açıqladı. İlkin olaraq Türkiyədən keçməklə Suriyaya humanitar yardım göndərildi. Tezliklə uzun illər bağlı olan Azərbaycan səfirliyi fəaliyyətini bərpa etdi. Bütün bunlar Azərbaycanın Suriyanın yenidən qurulması prosesində aktiv iştirakı və buna beynəlxalq səviyyədə olan müsbət yanaşmanın gösrtəricisi idi. Təsadüfi deyil ki, ölkəmizin bu fəaliyyətinə görə də bir müddət əvvəl Azərbaycanda səfərdə olan Suriyanın keçid dövrü hakimiyyətinin prezidenti Əhməd əl-Şaara Prezident İlham Əliyevə təəşəkkürünü bildirdi".
Arzuman Muradlı, "Türkiyə vasitəsilə Azərbaycan qazının Suriyaya çatdırılması həm də ölkəmizin uğurlu enerji siyasətin, uğurlu neft strategiyasının təsdiqidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən öz əhatəliliyi və yeni dövrün yanaşmalarına uyğun şəkildə uğurla davam etdirilir. Bu da öz növbəsində Azərbaycana həm regional, həm də qlobal miqyasda yeni-yeni dividentlər gətirir, imkanlar qazandırır",-deyə bildirib.
Süleyman