AZ

Radiasiya: Yer üzündə təhlükə, başqa aləmlərdə isə həyat mənbəyi?

Əksər yerüstü canlılar üçün radiasiya ölümcül təhlükə daşıyır. İonlaşdırıcı şüalanma hüceyrələri məhv edir, DNT-ni parçalayır və orqanizmləri zədələyir. Lakin elə canlılar da var ki, bu şəraitdə nəinki sağ qalır, hətta radiasiyanı enerji mənbəyi kimi istifadə edərək inkişaf edirlər. Alimlərin fikrincə, bu fenomen – radiolitik həyat forması – başqa planetlərdə də mümkündür.

Yeraltı “radiasiya canlıları”
Cənubi Afrikanın Mponeng qızıl mədənlərində, təxminən 2.8 kilometr dərinlikdə, günəş işığından, oksigendən və orqanik maddələrdən tamamilə uzaq mühitdə Desulforudis audaxviator adlı bakteriyalar yaşayır. Bu qapalı və izolyasiya olunmuş radioaktiv mühitdə onlar yeganə canlılardır – öz növü daxilində tam ekosistem yaradırlar.

Buradakı süxurlar uran-238, torium-232 və kalium-40 kimi radioaktiv elementlərlə zəngindir. Suyun içində bu elementlərin parçalanma məhsulları var. Bakteriyalar radioliz adlanan prosesi həyata keçirirlər – yəni, radiasiya təsiri altında su və digər maddələrin parçalanması nəticəsində yaranan molekulyar hidrogen, sulfatlar, karbon və azotla “qidalanırlar”.

Onlar, həmçinin, radiasiyanın zərərli təsirindən bioplyonka (biofilm) yaradaraq qorunurlar və neytrallaşdırıcı fermentlər ifraz edirlər. Belə radiasiyaya dayanıqlı canlılara ekstremofillər deyilir və onların araşdırılması astrobioloqlar – yəni, başqa planetlərdə həyat axtaran alimlər – üçün olduqca önəmlidir.

Başqa dünyalarda radiolizlə həyat mümkündürmü?
Bu sual hazırda ABŞ, Kolumbiya və BƏƏ-dən olan tədqiqatçıların diqqət mərkəzindədir. Onlar belə radiolitik həyat formalarının Marsda, Yupiterin peyki Europada və Saturnun peyki Enseladusda mövcud ola biləcəyini ehtimal edirlər.

Marsın səthinə kosmik şüaların nə qədər dərinə nüfuz edə biləcəyini hesablayan alimlər göstəriblər ki, bu dərinlik təxminən 3 metrə çata bilər. Əgər belə dərinlikdə maye su və ya duzlu məhlul mövcuddursa, radioliz prosesi orada baş verə bilər. Mars InSight missiyasının seysmik məlumatları göstərir ki, su planetin daha dərin qatlarında ola bilər. Digər tərəfdən, marian torpaqlarında buz və duzların (xüsusilə perxloratların) olması bu suyun maye halında qalmasına imkan verə bilər.

Hətta hesablamalar göstərir ki, əgər duzlu maye su Marsın 60 sm dərinliyində mövcuddursa, hər kub santimetrdə 10 min mikrob hüceyrəsi yaşaya bilər. Enseladusda isə bu göstərici dörd dəfə yüksək ola bilər.

Planetlərin daxilində gizli enerji
Günəşdən və qalaktikadan gələn radiasiya, ehtimal olunan buzaltı okeanlara çatmır. Lakin bu planetlərin və peyklərin daxilində radioaktiv süxurların olması mümkündür. Marsda və Ayda belə süxurlar müşahidə olunub. Həmçinin, meteor parçaları da radioaktiv elementlərin Günəş sisteminin ilk tərkib hissələrində mövcud olduğunu göstərir.

Bu o deməkdir ki, qayalı planetlərin daxilində həm istilik, həm də mikroblar üçün “qida” verə biləcək enerji mənbəyi – yerli radiasiya mövcuddur. Bu yanaşma həyatın yalnız günəş işığı və oksigenlə deyil, həm də radiasiya ilə mövcud ola biləcəyini göstərir.

Bir sözlə, ekstremal şəraitdə yaşayan yerüstü bakteriyalar yalnız biologiyanın deyil, həm də kosmologiyanın əsas suallarına cavab aça bilər: Biz təkik, yoxsa yox? Əgər belə canlılar Yer kürəsində mövcuddursa, bəlkə də haradasa – Marsın dərinliklərində və ya Enseladusun buzlarının altında – həyat çoxdan mövcuddur.

Hazırladı:

S.ELAY

XQ

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr