AZ

Azyaşlılara qarşı edilən əxlaqsız hərəkətlər bağışlanmaz cinayətdir



"Azyaşlılara qarşı edilən əxlaqsız hərəkətlər təkcə hüquqi deyil, həm də mənəvi və cəmiyyətin mənəvi sütunları baxımından bağışlanmaz cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi bu cür əməlləri törədən şəxslərə qarşı ciddi hüquqi məsuliyyət müəyyən etmişdir".

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, həmin maddəyə əsasən, azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum edilə bilər:

"Lakin bu məsələdə yalnız qanunun sərtliyi kifayət etmir. Ən vacibi valideyn məsuliyyəti və ictimai ayıqlıqdır. Hər bir valideyn öz övladının harada, kimlə olduğunu bilməli, onların təhlükəsizliyini daim nəzarətdə saxlamalıdır. Uşaqları yad şəxslərlə tək buraxmaq, onların fiziki və psixoloji durumuna diqqət etməmək gələcəkdə bərpa olunmaz fəsadlara səbəb ola bilər".

Hüquqşünas deyib ki, bir cəmiyyətin sağlamlığı onun uşaqlara münasibəti ilə ölçülür:

"Uşaqlar bizim gələcəyimiz, sabahımızdır. Onları qorumaq yalnız hüquq-mühafizə orqanlarının deyil, hər birimizin mənəvi borcudur. Bu cür cinayətlərə qarşı cəmiyyət olaraq sərt mövqe ortaya qoymalı, laqeydlikdən uzaq olmalıyıq. Hər bir kəs bilməlidir ki, uşaq qorunmadıqda, gələcək təhlükə altındadır".

Süleyman
Seçilən
4
newscenter.az

1Mənbələr