AZ

Avropada artıq az qala narkoman millət kimi tanınırıq EKSPERT

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İllərlə mübarizə heç bir nəticə verməyib

Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur

“Narkotik vasitələrin istifadəsinə münasibət köklü şəkildə dəyişməlidir. Qeydiyyatda olan istifadəçilərin həkim nəzarəti altında bu maddələri əldə etməsinə şərait yaradılmalıdır. Belə olan halda həm qara bazar aradan qalxacaq, həm də “bariqa”ların satdığı kimyəvi, zəhərli maddələrin dövriyyəsi azalacaq”

“Avropada artıq narkoman millət kimi tanınmağa başlayırıq”. Vəkil Mehman Muradlı məhkəmə statistikasının ortaya çıxardığı acı mənzərəni sosial media hesabında bu sözlərlə ifadə edib.

Onun səsləndirdiyi bu fikir təkcə fərdi narahatlıq deyil, həm də ölkəmizin gələcəyi üçün ciddi SOS siqnalıdır. Məhkəmə statistikasında narkotiklə bağlı cinayətlərin ildən-ilə artması, az qala hər ailənin gündəminə sirayət edən narkotik kabusu, bu problemin artıq fərdi yox, milli bəla halını aldığını göstərir. Ən acınacaqlısı isə budur ki, bu təhlükə təkcə hüquq-mühafizə orqanlarının və ya səhiyyə sisteminin çərçivəsində həll olunacaq sadə bir məsələ deyil. Bu, cəmiyyətin mənəvi dayaqlarını sarsıdan, gənc beyinləri məhv edən, ailələri dağıdan və bütövlükdə xalqın genetik sağlamlığına zərbə vuran sosial fəlakətdir.

Azərbaycan cəmiyyəti bu gün narkomaniyanın qaranlıq girdabına düşmək üzrədir. İşsizlik, gənclərin mənəvi boşluqda qalması və ailə nəzarətinin zəifləməsi bu problemin əsas səbəbləri kimi önə çıxır. Təbii ki, məsələ təkcə hüquqi deyil, həm də sosial, psixoloji və mədəni bir problemdir. Cəmiyyət artıq ayılmalı və bu təhlükəyə qarşı ciddi şəkildə səfərbər olmalıdır.

Sözügedən mövzu ilə bağlı təkliflərini daha detallı formada qeyd edən Mehman Muradlı Sherg.az-a  açıqlamasında  Azərbaycanda narkotik vasitələrlə bağlı cinayətlərin sayının sürətlə artdığını vurğulayıb. O, Dövlət Statistika Komitəsinin məlumatına istinadən qeyd edib ki,  2023-cü illə müqayisədə 2024-cü ildə bu sahədə müəyyən azalma müşahidə olunsa da, hazırkı statistika daha narahatedicidir. Belə ki, hazırda narkotiklərlə bağlı cinayətlər ümumi cinayətlərin üçdə birindən çoxunu təşkil edir. Bu rəqəmlər narkomaniyanın cəmiyyətdə dərinləşən bir problemə çevrildiyini göstərir.

M.Muradlının fikrincə, narkotik cinayətləri ilə bağlı məhkəmələrdə bəraət hallarının artması da diqqət çəkir: 

“Məhkəmə sistemində iş yükünün çoxluğu səbəbindən bu kateqoriyadan olan işlərə kifayət qədər diqqət yetirilmir. İttiham aktları çox vaxt səthi şəkildə hazırlanır və işlər "başdansovdu" şəkildə yekunlaşdırılır. Bu səbəbdən birinci instansiya məhkəməsində narkotik ittihamı ilə azı 2 il həbsdə saxlanılan şəxslər sonradan apellyasiya və Ali Məhkəməyə müraciət edərək bəraət alırlar. Azadlığa çıxdıqdan sonra isə dövlətə qarşı kompensasiya tələbləri irəli sürürlər. Nəticədə, hüquqi sistemdəki bu boşluqlar büdcəyə əlavə yük yaradır və məsələ kökündən həllini tapmır”.

Vəkilin sözlərinə görə, narkotik maddə istifadəsinin kökündə sosial problemlər dayanır: “Ədalətsizliklə üzləşən, işsiz və gəlirsiz qalan insanlar alternativ yollar axtarmağa məcbur olurlar, bəziləri dinə yönəlir, bəziləri isə narkotik maddələrə qurşanır. Burada söhbət narkotik istifadəçilərindən gedir, narkotik maddələrin satışını təşkil edən "bariqa"lardan yox. Onların məsələsi ayrı kateqoriyadır.

Onu da deyim ki, son illərdə bazara keyfiyyətsiz, kimyəvi tərkibli narkotiklərin buraxılması vəziyyəti daha da ağırlaşdırır. Cəmi 1-2 dəfə istifadə edən insanlar asılı hala düşürlər və ondan sonra bu asılılığın qarşısını almaq getdikcə çətinləşir. Azərbaycanda narkotik vasitələrin istifadəsi ilə bağlı qanunvericilik son illərdə xeyli sərtləşdirilib. Məsələn, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi çərçivəsində ittiham olunan şəxsləri həbs edirlər, 234.1.1-də də həbs edirlər. Yenə 234.1 maddəsində alternativ cəzalar nəzərdə tutulub, 234.1.1 üzrə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur ki, bu da istifadəçinin üzərində aşkarlanan maddənin çəkisinə görə müəyyən edilir.

Bu yanaşmanı sərt və qeyri-effektiv hesab edirəm. Narkomanların vəziyyətini də siqaret çəkənlərin vəziyyəti ilə müqayisə etmək olar. Təsəvvür edin, sabahları qanun qəbul ediləcək ki, siqaret çəkənlər inzibati xətalar  məcəlləsini pozduqları üçün həbs olunacaqlar”.

Siqaretlə narkotik maddə arasında mahiyyətcə böyük fərq olmadığını deyən M.Muradlı, belə cəza siyasətinin nə insanları yayındırdığını, nə də problemin kökünü kəsdiyini vurğulayıb: 

“Narkotik vasitələrin istifadəsinə münasibət köklü şəkildə dəyişməlidir. Qeydiyyatda olan istifadəçilərin həkim nəzarəti altında bu maddələri əldə etməsinə şərait yaradılmalıdır. Belə olan halda həm qara bazar aradan qalxacaq, həm də “bariqa”ların satdığı kimyəvi, zəhərli maddələrin dövriyyəsi azalacaq. Təmiz, nəzarətli maddələr isə daha az asılılıq yarada bilər: “Bu təcrübə bir sıra Avropa ölkələrində, məsələn, Hollandiyada sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub. Bu ölkələrdə narkotik maddələr açıq şəkildə satılır, lakin ciddi nəzarət və reabilitasiya sistemi mövcuddur”.

Vəkilin fikrincə, maarifləndirmə tədbirləri də gözlənilən nəticəni vermir. Əksinə, bu sahədə aparılan maarifləndirici tədbirlər bəzi gənclərdə maraq doğurur:

 “Nədir bu narkotik ki, ona qarşı bu qədər sərt və aqressiv münasibət var?”- düşüncəsi yaranır və bu da istər-istəməz yeni istifadəçilərin ortaya çıxmasına səbəb olur: “Ən ciddi problemlərdən biri də narkotik istifadəçilərinin cəza müddəti başa çatdıqdan sonra cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Onlar azadlığa çıxdıqdan sonra iş tapa bilmirlər, sosial dəstək almırlar və nəticədə yenidən köhnə mühitə qayıdırlar.

Bu şəxsləri cinayətkar deyil, xəstə kimi qəbul edib müalicəyə yönəltmək daha düzgün və insanidir. İllərlə həyata keçirilən maarifləndirmə tədbirləri və qanunvericiliyin sərtləşdirilməsi narkomaniya ilə mübarizədə nəticə verməyib”.

O, narkotik maddə istifadəçilərinə qarşı daha humanist yanaşma, sosial dəstək və reabilitasiya yönümlü siyasətin vacib olduğunu bildirir. Yalnız bu halda həm insan hüquqları qorunacaq, həm də real nəticələr əldə etmək mümkün olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
sherg.az

2Mənbələr