“Əvvəllər “Kəpəz”in heyətində yaxşı bir mövsüm keçirmişdim. Klub mənə çox doğma gəlir, bu səbəbdən də yenidən burada meydana çıxmaq qərarına gəldim”.
İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Fərid Nəbiyev bildirib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, tərəflərin ortaq razılığı ilə mövsümün sonuna qədər – 1 illik müqavilə imzalanıb: “Həm mənim, həm də klub rəhbərliyinin qarşılıqlı razılığı əsasında 1 illik müqavilə imzalandı. Əgər hər şey qaydasında getsə, ümid edirəm ki, mövsüm sonunda oturub növbəti addımları və təklifləri birlikdə dəyərləndirəcəyik. Mən 2022/2023 mövsümündə də bu klubun formasını geyinmişdim və həmin təcrübədən çox dəyərli xatirələrim var. Hazırkı heyətlə əvvəlki dövrü müqayisə etmək hələlik tezdir, çünki komanda hələ formalaşma mərhələsindədir. Hazırda əsas diqqətimi məşqlərə yönəldmişəm. Optimal formama tez bir zamanda qayıtmaq, fiziki durumumu tam şəkildə bərpa etmək üçün var gücümlə çalışıram. Çünki əsas məqsədim komandaya maksimum dərəcədə faydalı olmaqdır. Ümid edirəm ki, birgə səylərimiz nəticəsində “Kəpəz”i turnir cədvəlində daha yüksək pillələrə daşıya biləcəyik”.
Nəbiyev azarkeşlərə də xüsusi təşəkkürünü çatdırıb: “Bu yolda azarkeşlərimizin dəstəyi bizim üçün çox önəmlidir. Onların varlığı bizə əlavə güc verir. Onlarsız futbolun dadı-duzu olmur. Biz də çalışacağıq ki, onları sevindirək, tribunada əyləşən hər kəsə layiq olduqları uğurları yaşadaq”.
İdman.biz