ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Arif Babayev şəxsiyyətli kişilərdən idi. Özünəxas xarakteri vardı. Hər zaman ağırlığını, sanbalını gözləyirdi. Sənəti haqda söz deməyə gərək yoxdur – USTAD idi.
Amma baməzə sözləri, gülüş doğuran replikaları ilə də tanınırdı. Ağdamlılara məxsus yumoru vardı. Həqiqətən, Ağdam camaatındakı yumora, baməzəliyə başqa yerlərdə rast gəlmək mümkün deyil. Qarabağın digər bölgələrində də bunun oxşarını tapmazsan. Azərbaycanın gözəlliyi, özəlliyi budur: hər bölgənin öz duzu, öz əlaməti, kəraməti var.
Ortaq tanışlardan biri söyləyir ki, koronavirusun tüğyan etdiyi vaxtlarda Arif müəllim deyirmiş ki, bu qədər yaşadıq, indi ölsək, 2-3 adamla aparıb dəfn edəcəklər, biabır olacağıq. Dalınca deyib: “Gərək öləndə də hörmətlə gedəsən. Qədir (xanəndə Qədir Rüstəmov) yaxşı hörmətli vaxtda getdi. Ə, sən öl, deyəsən bilirmiş e belə olacağını”.
Dünən ustad xanəndənin vida mərasimində oğlunun dediyi sözləri dinlədim. “Arif Babayev xoşbəxt insan idi, bütün arzularına çatdı” – söylədi. Şübhəsiz, o arzuların başında Qarabağın, Ağdamın düşməndən azad edilməsi gəlirdi. Ağdamı, Şuşanı yaralı gördü, amma əsas odur, gördü, nisgillə köçmədi, gözlərini Vətən həsrəti ilə yummadı. Son arzusuna da çatdı: son mənzilə xalqın çiynində getdi.
Məkanın cənnət, ruhun şad olsun, Arif BABAyev. Gedən cismindir…
Azər Ayxan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.