Sea Breeze

2025-ci il avqustun 1-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Sabirkənd sakinləri ilə səyyar qəbul keçirilib.

Vətəndaşların müraciətlərini yerində dinləmək və qaldırılan məsələlərin operativ şəkildə həllini təmin etmək məqsədilə təşkil olunan görüşdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan icra başçısı ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların davamlı inkişafı və əhalinin rifahının yüksədilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda icra olunacaq layihələr barədə ətraflı məlumat verilib. Kənd sakinlərinin diqqətinə çatdırılıb ki, yaxın perspektivdə bu proqram çərçivəsində məşğulluq imkanlarının artırılması, mədən sənayesinin dirçədilməsi, yol və su infrastrukturunun yenilənməsi, ipəkçilik və baramaçılığın inkişafı, eləcə də Ordubadın gələcəkdə əsas turizm məkanlarından birinə çevrilməsi istiqamətində mühüm layihələrin icrası həyata keçiriləcəkdir. Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən danışan Rəcəb Rəhimli, bu dəhlizin region ölkələri, o cümlədən Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacağını diqqətə çatdırıb.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib- içməli su ilə təminat, çörək sexinin açılması, yol nişanlarının qoyulması və digər məsələlərlə bağlı qaldırılan təklif və problemlər yerindəcə aidiyyəti üzrə məsul şəxslərin iştirakı ilə araşdırılıb, bir sıra məsələlərin həlli üçün konkret tapşırıqlar verilib. Həlli müəyyən vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək müvafiq qurumlara yönləndirilib.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ETX
ETX
ETX