Əsrlər boyu Azərbaycan öz zəngin coğrafi mövqeyi, təbii sərvətləri və mədəni irsi ilə müxtəlif imperiyaların maraq dairəsində olub. Bu maraqlar isə çox zaman zorakılıqla, işğalla və ərazi iddiaları ilə müşayiət edilib. Tarixin müxtəlif mərhələlərində Azərbaycanın əzəli torpaqları bir-birindən fərqli adlar altında, lakin eyni məqsədlə – işğal və assimilyasiya siyasəti ilə əlindən alınıb. Xüsusilə, Azərbaycan ən çox qonşu dövlətlərin təzyiqlərinə və ekspansionist siyasətlərinə məruz qalıb. Bu dövlətlər içərisində isə şimal qonşumuz – Rusiya xüsusi yer tutur. Rusiya imperiyası və onun varisi olan digər siyasi rejimlər uzun illər boyu “parçala, hökm sür” siyasətini bölgədə sistemli şəkildə həyata keçirib. Azərbaycanın tarixi-siyasi xəritəsi bu siyasətin nəticəsində dəfələrlə dəyişdirilib, milli varlığımız zəiflədilməyə çalışılıb, strateji və mədəni əhəmiyyətə malik bölgələrimiz ya ilhaq edilib, ya da öz kimliyindən uzaqlaşdırılıb. Şimal torpaqlarımız – indiki Dağıstanın bir hissəsi olan ərazilər də bu taledən sığortalanmayıb. Bu torpaqlar bir zamanlar Azərbaycan dövlətlərinin tərkibində olmuş, burada azərbaycanlılar yaşamış, ana dilində danışmış və öz mədəniyyətini yaşatmışdır.
Bu prosesin acı nəticələrindən biri də bu gün “Rusiyanın ən qədim şəhəri” kimi təqdim edilən Dərbəndin taleyidir. Dərbənd Azərbaycanın tarixi torpaqlarından biridir. Minillərlə tarixi olan bu şəhər Qafqaz Albaniyasının, Sasanilərin, sonralar isə Azərbaycan-türk dövlətlərinin tərkibində olmuş, islam mədəniyyətinin, elminin və ticarətinin mühüm mərkəzlərindən biri kimi tanınıb. Lakin Rusiya imperiyasının Cənubi Qafqazda güc balansını dəyişmək cəhdləri, Dərbəndin strateji mövqeyini ələ keçirmək istəyi şəhərin taleyini dəyişdi. 19-cu əsrdə bağlanan Rusiya-Qacar müqavilələri nəticəsində Dərbənd və ətraf ərazilər Azərbaycandan qoparılaraq Rusiya imperiyasına birləşdirildi.
Dərbənd şəhərinin tarixi, Azırbaycan üçün əhəmiyyəti barədə tarixçi- alim Boran Əziz Crossmedia.az-a açıqlama verib:
“Bu gün Dərbəndin adının Rusiya tarixinə yazılması, onun Azərbaycanla bağlarının inkar edilməsi yalnız tarixi saxtalaşdırma deyil, həm də xalqımızın mədəni yaddaşına qarşı yönəlmiş ideoloji bir siyasətdir. Azərbaycanın tarixi torpaqlarının yaddaşdan silinməsinə yönəlmiş bu cəhdlərə qarşı çıxmaq, Dərbənd kimi şəhərlərin həqiqi tarixini gündəmə gətirmək bizim milli borcumuzdur.Bu gün Azərbaycanın tarixi coğrafiyası və ərazisindən danışarkən, heç bir qonşu dövlətə ərazi iddiası irəli sürmür, sərhədlərin dəyişdirilməsi fikrini təbliğ etmrik. Əksinə, biz BMT tərəfindən qəbul edilən sərhədlərin dəyişdirilməməsi pinsipi ilə tam razıyıq. Ancaq insanların tarixi həqiqəti bilməsi çox vacibdir. Bəzi qonşu dövlətlər tarixi proseslər nəticəsində hazırda onların ərazisində olan qədim şəhərlərimiz,tarixi abidələrimiz haqqında təhrif olunmuş məlumatlar yayır, gerçək tarixi həqiqətləri kobud şəkildə saxtalaşdırırlar. Elmi həqiqətdən uzaq saxtalaşdırmaya məruz qalan şəhərlərimizdən, yurd yerlərimizdən biri də qədim Dərbənd şəhəridir. Bütün antik və orta əsr qaynaqlarında Azərbaycan şəhərlərindən danışarkən, onlardan birinin də Dərbənd olduğu qeyd edilmişdir. Qədim mənbələr, o cümlədən yunan, xüsusən Strabon coğrafiyasında e.ə.IV yüzillikdə Azərbaycanın şimalındakı Albaniya dövlətindən bəhs olunur. Həmin qaynaqlarda göstərilir ki, bu dövlətin sərhəddi şimalda Qafqaz dağlarından, cənubda Araz çayına, qərbdə İberiyadan (Red: Alazan və İori çaylarının hazırda Gürcüstan Respublikasının ərazisinə düşən yuxarı axarları), şərqdə Xəzər dənizinə qədər olan torpaqlardan ibarətddir. Mənbələrdəki məlumatlardan aydın olur ki, bu ərazilər təbii sərhədlərlə bir-birindən ayrılan bir sıra vilayətlərə, məsələn təkcə sil sahil Alban torpaqlarında Çola, Lpina, Kambisena və s. vilayətlərə bölünüb. Çoladan bəhs olunarkən orada göstərilir ki, başlıca şəhərləri Çola və Dərbənd olan bu vilayətin ərazisi Dərbənddən Beşbarmağa qədər Xəzər sahilini əhatə etmişdir. Erkən orta çağlarda Albaniyadakı vilayətlərdən bəhs olunarkən Qəbələ, Sakasena, Uti və s. vilayətlərin olduğu göstərilir. Həmin vilayətlərdən biri də massagetlərin yaşadığı Dərbənd ərazisi olmuşdur. Sonralar mənbələrdə bu şəhərin adı Çola olaraq çəkilməkdədir”.
Tarixçi Dərbənd şəhərinin strateji əhəmiyyətindən danışıb:
“M. Kalankatlının "Alban tarixi" əsərində də bu məlumatlar təsdiq olunur. Bu məlumatlar sonrakı dövrlərə aid Hun, Xəzər, Bizans, Sasani qaynaqlarında da demək olar ki, dəyişilməmişdi. Sasani dövrünün pəhləvicə olan qaynaqlarında göstərilir ki, Dərbəndə qədər olan ərazi Azərbaycan adlanmış, Sasani hökmdarı Xosrov Ənuşirəvan Dərbənd qalasını çəkdirən Barziusa “Azərbayqan maliyyə müdiri” adını vermişdi. Beləliklə, Dərbənd Azərbaycanın şimalında ən son nöqtə hesab olunmuşdu. “Dərbəndnamə”də göstərilir ki, ərəblərin hucumu ərəfəsində Azərbaycan ərazisi Həmədan,Əhər, Zəncandan tutmuş Dərbədə qədər uzanmışdı. Biz eyni hala ərəb qaynaqlarında da rast gəlirik. Ərəb qaynaqlarında bu şəhərin adı daha çox Bab ül-Əbvab kimi qeyd olunub. Xilafət dövrü qaynaqlarında ərəb sərkərdələrinin Dərbəndə çatması, oranı tutması ilə bağlı məlumatlar verilmişdir. Məsələn, tanınmış ərəb tarixçisi Əbu Cəfər Məhəmməd ət-Təbəri yazmışdır ki, 709-710-cu ildəki savaşlarda ərəb qoşunlarının komandanı Məsləmə ibn Əbdülmalik “Azərbaycan vilayətində olan əl-Bab (Yəni Dərbənd-red) qalasına gəlib çatdı…Azərbaycan hüdudlarının başlanğıcı olaraq Əhər və Zəncan daxil olmaq üzrə Həmədan şəhəri,sonuc olaraq isə Xəzər Dərbəndi sanılmaqdadır və bu aralıqda olan on-on iki şəhər Azərbaycan adını daşıyır”.
Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin tərkib hissəsi Dərbənd:
“Başqa bir ərəb müəllifi olan İbn Hövqəl Xəzər dənizinin xəritəsini vermiş, sahil ərazini Dərbənd şəhəri də daxil olaraq bütövlükdə Azərbaycan adlandırmışdır. Xilafət dağıldıqdan sonra Dərbənd əmirliyi yaradılmışdı ki, bu əmirlik də Şirvanşahların nəzarətində idi. Yeri gəlmişkən, deyim ki, ərəblərdən əvvəl Xəzər xaqanlığı ilə Girdiman knyazlığı arasında müharibələr gedirdi. Və Girdiman knyazlığı dövründə Cavanşirin, xüsusilə Xəzər xaqanlığı ilə apardığı döyüşlər və təhlükələrlə bağlı geniş məlumatlar verilmişdir. Eyni zamanda xilafətin dağılmasından sonra torpaqlarımızda yaranan dövlətlərdən biri də Şirvanşahlar idi.Oraya daxil olan əmirliyin adı da Dərbənd olmuşdur. Onu da qeyd edək ki, Dərbənd tarixən Şirvanşahların ən inkişaf etmiş şəhərlərindən olmuşdur. Ümumiyyətlə, tarixi qaynaqlarda Azərbaycanın böyük şəhərləri sırasında Dərbəndin adı xüsusi olaraq göstərilib. Sonralar torpaqlarımızda mövcud olmuş Atabəylər dövründə Dərbənd yenə də Azərbaycan ərazisi hesab olunub. Həmin dövrdə öz yarımmüstəqilliyini saxlayan Şirvanşahlar dövlətinin şəhərlərindən biri də Dərbənd idi. Qızıl Orda və Hülakilər dövləti arasında da baş verən müharibələrdə biz Dərbəndin adına Azərbaycan ərazisi kimi çox sıx-sıx rast gəlirik. Məlumdur ki,1410–1468-ci illərdə Baharlı tayfası Azərbaycanda hakimiyyətə olmuşdur. Qaynaqlarda bu dövlətin tərkibində olan şəhərlər sadalandıqda Dərbəndin də adı çəkilib, bu şəhərin ticarətdə oynadığı rol barədə geniş məlumat verilib. 1468–1501-ci illərdə isə dövlətin başına Bayandurlu tayfası keçmişdir. Bayandurluların qurduğu dövlət Ağqoyunlu idi. Burada da biz Şəki, Niyazabad şəhərləri ilə yanaşı Dərbəndin də adına rast gəlirik”.
Boran Əziz Səfəvi hakimiyyəti dövründə Azərbaycana edilən rus basqınlarından bəhs edib:
“1501–1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin ərazisində mövcud olmuş şəhərlərdən biri də Dərbənddir. Dərbənd bu vaxt Şirvan bəylərbəyliyinə daxil idi. Səfəvi dövlətinin zəifləməsindən istifadə edənlər torpaqlarımıza , o cümlədən də Dərbəndə hücum etdilər. Xüsusilə I Pyotrun 1722-ci ildəki məşhur fərmanından sonra Dərbənd böyük təhlükə ilə üzləşdi. I Pyotrun 1722-ci ilin iyulun 18-də təxminən 100 minlik ordu ilə Xəzəryanı vilayətlərə dağıdıcı hücumundan Dərbənd də yaxasını qurtara bilmədi. Avqustun 29-da rus qoşunları Dərbəndə girdi. Bu zaman “Dərbəndnamə” də rus çarına verildi. Elə məhz o Dərbəndnaməyə baxsalar, Dərbənd şəhərinin nə vaxt tikildiyini, kimə məxsus olduğunu görərlər. Dərbəndin Rusiya imperiyası tərəfindən işğalı və onun ərazisinə daxil edilməsi Birinci Rusiya–Qacar müharibəsindən sonra olmuşdur. 1813-cü ildə imzalanan on bir maddəlik Gülüstan müqaviləsinin üçüncü maddəsinə görə məğlub olan Qacar dövləti “…Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba , Bakı və Talış xanlıqlarının, bununla yanaşı Dağıstan, Gürcüstan (Şurakel) əyaləti ilə İmeretiya, Quriya, Minqreliya və Abxaziyanı… Rusiyaya imperatorluğu mülkiyyətinə mənsub olduğunu qəbul edir” Çar Rusiyası torpaqlarımızı işğal etdikdən sonra buradakı xanlıqların yerində hərbi idarəetmə forması olan komendant üsul-idarəsi yaratdı. Çar I Nikolay 1840-cı il aprelin 10-da bu idarəetmə sisteminin ləğv edilməsi və Cənubi Qafqazda yeni inzibati-məhkəmə islahatı haqqında qanun imzaladı.1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna görə Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti olmaqla Cənubi Qafqazda iki yeni inzibati idarə yaradıldı.Şamaxı, Qarabağ, Şəki, Bakı, Quba, Lənkəran və Dərbənd qəzaları mərkəzi Şamaxı olan Xəzər vilayətinin tərkibinə daxil edildi. Çar torpaqlarımızın bütövlüyünü pozaraq onun bir hissəsini, o cümlədən Yelizavetpol (Gəncə), Naxçıvan, İrəvan və Balakən qəzalarını isə mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyasına daxil etdi”.
Dərbənd quberniyasının nə üçün ləğv olunduğundan danışan Boran Əziz bildirib ki, Çarın 14 dekabr 1846-cı il fərmanı ilə Cənubi Qafqazın inzibati-ərazi quruluşunda yeni dəyişiklər edildi. Belə ki, Gürcüstan-İmeretiya quberniyasının yerində Tiflis,Kutaisi, Xəzər vilayətinin ərazisində isə Şamaxı və Quba qəzasının kəndləri də daxil edilən Dərbənd quberniyaları təşkil edildi. 1859-cu ildə Şamaxı zəlzələdən çox böyük zərər gördüyünə görə bu quberniyanın mərkəzi Bakıya köçürüldü. 1860-cı ildə İnzibati-ərazi bölgüsündə yenidən dəyişiklər baş verdi.Çarizm çox hiyləgər addım ataraq gələcəkdə onu Rusiyanın daxili vilayətlərindən birinə çevirmək üçün Dərbənd quberniyasını ləğv edib əvəzində Bakı quberniyasını yaratdı.Quba qəzası da bu quberniyanın tərkibinə daxil edildi. Beləliklə, XIX ikinci yarısında həyata keçirilən inzibati-ərazi bölgüsü nəticəsində qədim Azərbaycan şəhəri, çox əhəmiyyətli hərbi strateji yaşayış yeri olan Dərbənd Azərbaycanın tərkibindən çıxarılıb Rusiyanın tərkibinə daxil edildi. Dərbəndlə bağlı maraqlı sənədlərdən biri 1933-1953-ci illərdə Azərb.K(b)P MK-nın birinci katibi olmuş M.C.Bağırovun 12 dekabr 1945-ci ildə Ümumittifaq K(b) MK-nın katibi Malenkova tamailə məxfi qrifi ilə göndərdiyi məktubdur. Məsələ burasındadır ki, ermənilər II Dünya müharibəsinin qurtarmasından sonra Qarabağı ələ keçirmək üçün Moskvanın məsləhəti ilə yeni bir cəhd etdi. Beləki, 1945-ci ilin noyabrında Ermənistan K(b)P MK-nın birinci katibi Arutyunyan SSRİ rəhbərliyinə, şəxsən Stalinin adına məktub göndərərək o dövrkü adı ilə desək Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsinə köməklik etməsini xahiş edib.O,bütün tarixi gerçəklikləri təhrif etməklə fikrini digər amillərlə yanaşı Dağlıq Qarabağın guya Ermənistanla sərhəd olması, əhalinin ermənilərdən ibarət olması və s.ilə əsaslandırmağa cəhd etmişdir”.
B. Əziz M.Bağırovun məktubundan bəhs edib: “ÜİK(b)P MK-nın katibi, partiya xətti üzrə Stalinin müavini Malenkov məktubda göstərilənlərə cavab vermək üçün onu Bağırova göndərib. M.C.Bağırov məktubu aldıqdan cəmi on iki gün sonra Moskvaya olduqca tutarlı, elmi,məntiqli, cəsarətli cavab verib. Çox böyük tarixi əhəmiyyət daşıyan məktubun mövzumuzla bağlı hissəsində göstərilir. “…ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-nintərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-nin Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov,Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. …ÜİK(b)P MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:…Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-yə bitişik olan Dərbən və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR-in tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi ,əsasən azərbaycanlılardan ibarətdir, büzü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir. Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b) MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik. Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov”.
Ayhan
https://crossmedia.az/az/article/39315