AZ

Dostluğu həmişə örtülü bazar pozmur

Kənd təsərrüfatı məhsullarımızın ixrac zəncirinin qırılmaması üçün alternativ bazarlar tapılmalıdır

Məlumdur ki, kənd təsərrüfatı məhsullarının ixracı həm istehsalçılara, həm də  ölkəyə yaxşı qazanc gətirir. Pomidor, alma, fındıq kimi məhsullarımızın xaricdə kifayət qədər alıcıları var. Azərbaycanın qeyri-neft ixracında da bu məhsulların payı az deyil. 

Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixracında isə Rusiya bazarının xüsusi çəkisi yüksəkdir. Amma iki ölkə arasında münasibətlərin indiki həssas məqamında bu, bir qədər risklidir. Ona görə də alternativ bazarlar tapılmalıdır. Belə bazarlar sırasında isə ərəb ölkələri və Çin önə çıxa bilər. Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Çin bazarları Azərbaycan üçün yeni ixrac imkanları və şaxələnmiş ticarət marşrutları deməkdir. Həmin ölkələrin də hər biri öz tələbatı və ehtiyacları ilə Azərbaycan məhsullarına açıqdır ki, bu da bizə qeyri-neft sektorunu gücləndirmək üçün əlavə imkan verir. İqtisadçı ekspert Xaliq Məmmədov deyir ki, həmin ölkələrdə kənd təsərrüfatı məhsullarına tələbat yüksəkdir və bazarlar dinamikdir: "Ancaq burada sertifikatlaşdırma, məhsulun mənşəyi, təhlükəsizlik standartları və qablaşdırma kimi tələblərə ciddi riayət edilməlidir. Yerli sahibkarlar həmin istiqamətlərdə maarifləndirilməli və texniki dəstək almalıdırlar".

Məlumdur ki, məhsulun keyfiyyəti ilə bərabər, ixrac prosesinin həm logistika, həm də maliyyə baxımından səmərəli idarə olunması da mühüm əhəmiyyət kəsb edir. Bu sahədə Qida Təhlükəsizliyi Agentliyi və digər müvafiq qurumlar mühüm addımlar atmağa çalışsa da, Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ixrac potensialı tam olaraq reallaşmayıb. Aqrar məhsullarımızın Avropa bazarlarına çıxışı hələ də müəyyən maneələrlə qarşılaşır. Bu çətinliklər müvafiq infrastrukturun zəifliyi, ticarət prosedurlarının mürəkkəbliyi və məhsullarımızın beynəlxalq bazarlarda rəqabət gücünün artırılması  kimi məsələlərlə əlaqədardır. X.Məmmədov bununla bağlı belə şərh verib: "Avropa İttifaqı yüksək keyfiyyət və təhlükəsizlik standartları tətbiq edir. Bu bazara daxil olmaq üçün məhsullar bir sıra normalara cavab verməlidir. Məsələn, hər 15 gündən bir su analizlərinin aparılması, qablaşdırma prosesində gigiyenik qaydalara əməl olunması və daşınma zamanı məhsulların xüsusi temperatur rejimində saxlanması vacib şərtlərdir. Təbii ki, bütün bu tələblər texniki və maliyyə baxımından istehsalçılar üçün əlavə yük yaradır". 

Amma nə etmək olar, qazanmaq istəyiriksə bazarın tələbləri ilə ayaqlaşmalıyıq. Ekspertin fikirlərinə söykənərək deyə bilərik ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa  bazarlarında möhkəmlənməsi üçün yalnız qısamüddətli addımlar kifayət etməyəcək. Bu, kompleks və uzunmüddətli bir strategiya tələb edir. Belə bir strategiya məhsulların keyfiyyətinin artırılmasından tutmuş, beynəlxalq ticarət şəbəkələrinə inteqrasiya olunmağa qədər bir çox sahəni əhatə edir. Üstəlik, bu istiqamətdə yalnız dövlətin deyil, həm də özəl sektorun fəal iştirakı vacibdir. Kənd təsərrüfatı sahəsinə innovativ yanaşmalar, yeni istehsal texnologiyaları və bazar tələblərinə uyğunlaşma əsas şərtlərdəndir. Bütün bunlar Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artıra və ölkə iqtisadiyyatı üçün yeni imkanlar yarada bilər. 

Ekspert deyir ki, fermerlər texniki biliklərlə yanaşı, təlim və maliyyə alətləri vasitəsilə də dəstəklənməlidir: "Bazarların texniki və hüquqi tələblərinə uyğunlaşma yalnız kompleks yanaşma ilə mümkündür. Məqsəd təkcə ixracı artırmaq deyil, onun sabitliyi və davamlığı da təmin olunmalıdır".

Azərbaycanın qeyri-neft məhsullarının Rusiya bazarına çıxışı uzun illər ərzində böyük əhəmiyyət kəsb etmişdir. Lakin son aylar  Rusiya tərəfindən tətbiq olunan səbəbsiz məhdudiyyətlər və idxal prosedurlarında yaranan qeyri-müəyyənliklər, məsələn, kənd təsərrüfatı məhsullarına qoyulan embarqolar ixracatçılar üçün ciddi problem yaradır. Ona görə də ixrac, idxal əməliyyatlarının etibarlığını artırmaq üçün gömrük prosedurlarının sadələşdirilməsi, logistikanın optimallaşdırılması və alternativ bazarlara yönələn strategiyaların hazırlanması kimi tədbirlər qaçılmazdır. Paralel olaraq potensial alternativ bazarlar axtarışı unudulmamalıdır. Artıq  bu istiqamətdə daha səmərəli logistika, yeni ticarət marşrutları və beynəlxalq əməkdaşlıq yolları üzərində işləməyin vaxtıdır.  Bu, Azərbaycanın qeyri-neft məhsulları ixracının etibarlığı və davamlığı üçün vacibdir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr