GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bəyanatlarına cavab olaraq, iki nüvə sualtı qayığının Rusiya sərhədlərinə göndərilməsi barədə göstəriş verib. Bununla da ABŞ bəyan edib ki, ölkə Rusiya ilə nüvə müharibəsinə hazırdır.
Məlumata görə, Medvedevin təhdidləri və “müharibəyə hazırıq” fikri Ağ Evdə ciddi narazılığa səbəb olub. Nəticədə Tramp administrasiyasının Moskvaya yanaşması daha da sərtləşib.
ABŞ və Rusiya arasında birbaşa qarşıdurmanın olması nə dərəcədə realdır?
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Trampın sülh çağırışlarına Rusiya tərəfindən adekvat cavab verilmədikcə, iki ölkə arasındakı münasibətlər daha da gərginləşir:
“Ümumiyyətlə, Ukrayna müharibəsi beynəlxalq münasibətləri kifayət qədər pisləşdirib və anlaşılmazlığı dərinləşdirib. Tramp tarixdə sülhsevər və sülh yaradan prezident kimi qalmaq üçün çox çalışır. Lakin Ukraynadakı müharibəni dayandırmaq çağırışları nəticə vermədikcə, yaratmaq istədiyi imic zədələnir və qeyri-ciddi obraz formalaşır. Ona görə də ABŞ prezidentinin yeni taktiki addımlara əl atması gözləniləndir.
Rusiya ilə danışıqlar müsbət nəticələnmədiyindən, son günlər Tramp müharibəni dayandırmaq üçün Kremlə 10-12 gün vaxt verdiyini bəyan etdi. Əslində, bu cür açıqlama Moskvanı aşağılamaq deməkdir. Yəni ABŞ üçün Rusiyanın heç bir fikrinin və istəyinin önəm daşımadığı mərhələyə keçid edilir.
Həmçinin oxuyun:
Tramp Rusiya ilə sərhədə iki nüvə sualtı qayığı göndərdi – “Müharibəyə hazırıq!”
Medvedyevin cavabı isə Rusiyanın nüfuzunu qorumaq cəhdindən başqa bir şey deyil. ABŞ-ın bu təhdidləri cavabsız qoyması, beynəlxalq aləmdə hörmətdən düşməsi və boşboğazlıqda günahlandırılması ilə nəticələnə bilərdi. Ona görə də Tramp adekvat cavab yolunu seçdi və nüvə silahı daşıyan iki sualtı qayığı Rusiya sərhədlərinə göndərdi”.
Mütəllim Rəhimli
M.Rəhimlinin sözlərinə görə, Rusiyanın bu addımlara cavabı olacaq, əks halda, Prezident Vladimir Putin ölkə daxilində ciddi tənqidlərə məruz qala bilər və yaratdığı lider obrazı zədələnər:
“Ukrayna cəbhəsində sualtı nüvə qayığı istifadə olunmadığı və okeanlarda üzən bu gəmilər döyüşlərə cəlb edilmədiyindən, Rusiya onları asanlıqla ABŞ hərbi qüvvələrinin qarşısına çıxara bilər. Çox böyük ehtimalla, bunu da edəcək.
ABŞ və Rusiya okeanlarda üz-üzə gələcəklər. Bu, bir-birini nüvə silahı ilə təhdid etmək deməkdir. Ancaq indiki halda nüvə silahından istifadə ehtimalı azdır. Tərəflər hərbi təzyiq manevrləri ilə qarşılıqlı çəkindirmə taktikasından istifadə etməyə çalışacaqlar.
Mümkündür ki, hansısa gəmilər və ya təyyarələr qarşılıqlı olaraq əsəbləri yoxlamaq məqsədilə su və hava sərhədlərini pozsun. Olduqca təhlükəli oyundur və cavabı hər an verilə bilər. Lakin bu, dünyanın iki nüvə nəhəngi arasında müharibəyə rəvac verə bilməz. Çünki ABŞ-ın Rusiya ilə müharibə etməyə ehtiyacı yoxdur, Moskva da Vaşinqtonu açıq şəkildə müharibə tərəfi olaraq görmək istəmir”.
Turan Rzayev
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.