Şimali Amerika və Avropada yaşayan “Nasonia vitripennis” növünə aid miniatür parazit arılar yumurtalarını milçəklərin puparilərinə (içində pup olan yetkin sürfə dərisinə) qoyurlar və onların sürfələri burada inkişaf edir. Qısa ömür dövrü (təxminən bir ay), kiçik ölçüləri (cəmi 2–3 millimetr) və laboratoriya şəraitində asan artırılması bu həşəratları genetika və epigenetika sahəsində tədqiqatlar üçün əlverişli model orqanizminə çevirib.
Bu arılar xüsusilə ona görə dəyərlidir ki, onlarda gen ifadəsini tənzimləyən DNT molekulunun modifikasiyası olan DNT metilasiyası mövcuddur. Bu mexanizm qocalmanın, gen tənzimlənməsinin və ətraf mühitin genə təsirinin öyrənilməsinə imkan verir. Məsələn, meyvə milçəklərində bu mexanizm ya zəif inkişaf edib, ya da ümumiyyətlə yoxdur.
Ətraf mühitin dəyişməsinin arıların bioloji yaşına necə təsir etdiyini öyrənmək üçün Eymon Mellonun (Eamonn B. Mallon) rəhbərlik etdiyi tədqiqat qrupu sürfələrin bir qismini əlverişsiz şəraitə, yəni aşağı temperatur və qısa işıq günü rejiminə yerləşdirib. Bu şərait inkişafın təbii şəkildə ləngiməsinə, yəni diapauzaya səbəb olur.
PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunan araşdırma göstərdi ki, sürfə mərhələsində diapauza şəklində keçən "yuxu" böyüklərdə epigenetik qocalmanı ləngidib. Diapauzadan üç ay sonra çıxan arılar genetik baxımdan yaşıdlarından təxminən 2,8 gün daha yaşlı idilər. Lakin 18 gün sonra bu fərq aradan qalxdı, 30 gün sonra isə "yatan" arılar digərlərindən 2,7 gün daha cavan göründü.
Metabolik göstəricilərə əsasən, diapauzadan keçmiş arılarda:
• qocalma sürəti 29 faiz azalıb,
• ölüm riski 65 faiz enib,
• orta ömür uzunluğu isə 36 faiz artıb.
Bundan əlavə, diapauza qocalmanı ləngitməyə yönəlmiş molekulyar müdafiə proqramını da işə salıb. Arılarda bioloji saatlar məməlilərdəki ilə əlaqəli eyni metabolik yolları işə saldığına görə, bu “yaş əleyhinə effekt” gələcəkdə digər orqanizmlər üzərində də sınaqdan keçirilə bilər.
Genetiklərin fikrincə, belə bir qocalma ləngiməsi sərt ətraf mühitə uyğunlaşma nəticəsində meydana gələ bilər. Belə ki, orqanizm inkişafın erkən mərhələsində çətinlikləri “qabaqcadan hiss edib” qoruyucu mexanizmləri işə salır.
(Lent.az)