BAKI. 3 avqust. TELEQRAF
Böyük Britaniyada yalnız ağdərili insanlar üçün nəzərdə tutulmuş yaşayış məntəqələrinin tikintisinə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilir ki, “The Woodlander Initiative” təşəbbüsünün iştirakçıları artıq ianə şəklində 162 min funt sterlinq (təxminən 215 min dollar) toplayıblar. İlk iki obyekt Uelsdə inşa edilir.
Hərəkatın lideri Simon Birkett ölkənin hər bir qraflığında oxşar icmaların yaradılmasını hədəfləyir və "qaranlığa alternativ" adlandırdığı bu layihənin həyata keçirilməsi üçün 1 milyon funt sterlinq toplamağı planlaşdırır. Jurnalistlər bu hərəkatla Cənubi Afrikadakı ağ icmalar, ABŞ-nin Arkanzas ştatındakı düşərgələr və "Azad İsveç" hərəkatından olan qruplar arasında paralellər aparır.
"Biz öz biznesimizi inkişaf etdirməli və öz təsisatlarımızı yaratmalıyıq. Bizə qaydalarımıza əməl edəcək məktəblər lazımdır", - Birkett vurğulayır.
Hələlik hakimiyyət qrupun fəaliyyətini şərh etmir. Təşkilatın saytında icmaların digər irqlər üçün qapalı olacağı qeyd edilmir. Bununla yanaşı, qloballaşmaya qarşı mübarizəyə və təbiətə qayıdışa diqqət yetirilir. Qeyd olunur ki, icmaya qoşulmaq istəyənlər millətçilik ideyalarını bölüşməlidirlər.