AZ

Arif Babayevi hec yerde tapa bilmirik...

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Baş redaktor otağına çağırıb Arif Babayevin vəziyyətinin pisləşdiyi barədə məlumat verir. Tez oğlu ilə əlaqə saxlayıb xəbər alırıq:

– Qaxdakı evimizdə istirahət edirdi. Birdən halı pisləşdi. Qax Rayon Mərkəzi xəstəxanasına yerləşdirmişik. Bakıya gətirməyə çalışırıq.

O danışdıqca xəbəri yazıb saytda yayımlayıram. Elə həmin an başqa bir mesaj gəlir:

– Ağdamda yanğınlar başlayıb.

Bu xəbəri də dərc edəndən sonra Arif Babayevin “Rast”da oxuduğu “Dilkeş” qulağımda cingildəyəndə bir məsələ özümə agah olur:

Ağdam necə yanırsa, Arif Babayev o cür can üstədir. Arif Babayev necə can üstədirsə, Ağdam da elə yanır.

Nəhayət, Ağdam necə yanırsa, Arif Babayev “Dilkeş”i o cür oxuyur.

Xalq artisti ilə vida mərasimində Nihat Pirə dedim:

Arif Babayev xəstəxanaya düşən gündən Ağdam od tutub yanmağa başladı…

*

Arif Babayevin Bakıdakı xəstəxanaların birinə təxliyə olunacağını öyrənirik. Tez-tez oğlu ilə əlaqə saxlayırıq. Deyir, Mərkəzi Klinikaya gətiririk, yoldayıq. Bəziləri Yeni klinikaya gətiriləcəyini deyir. Media orqanları isə tamam başqa xəstəxanaya yerləşdiriləcəyi barədə xəbər yayımlayır.

Çaş-baş qalmışıq, gecə ilə hamı bir-birinə zəng edir. Adını çəkdiyim xəstəxanalarının baş həkimləri ilə danışıram. Heç kimdə Arif Babayevin təxliyəsi ilə bağlı məlumat yoxdur. Mat-məəttəl nə edəcəyimizi düşünürük. Gecə saat 12-yə çatıb. Bu vaxtı kiməsə zəng eləmək də olmur. 

Arif Babayevi heç yerdə tapa bilmirik. Qeybə çəkilib, nədir?! 

Həmin vaxt İlkin Naibə deyirəm:

– Bəlkə, Arif müəllimi Ağdama aparıblar?

– Orda xəstəxana fəaliyyət göstərir ki? – İlkin təəccüblə soruşur.

– Bəlkə, sağalmağa yox, öz yurdunda rahat ölməyə aparıblar?

– Allahın işini bilmək olmaz...

...Sonradan öyrənirik ki, oğlunun dediyi kimi, Mərkəzi Klinikadadır.

Bu gün isə hər şey daha aydınlaşdı. Arif Babayevi, doğrudan da, Bakıda tapa bilmədik. İndi o, Ağdamdadır. Bilmirəm, hansı küçədə, hansı dalanda, hansı səmtdə. Amma dəqiq bilirəm, o özünə mütləq getməyə bir yer tapıb.

Seyyid Şuşinskinin kişi xanəndələr arasında sağ qalan yeganə tələbəsi səs yaddaşına birdəfəlik köçürüldü. Bu dəfə “zapis aparatı” Arif Babayevin səsini əbədi canına çəkdi. İndi hardasa, bir kamança kökdən düşdü, bir tarın simi qırıldı, kimisi susdu, kimisi isə səsinin olduğunu yeni kəşf edib oxumağa qərar verdi. Bütün bu qarma-qarışıqlığın içində Arif Babayev etibarlı çıxdı:

Səsini – taleyini Ağdama çatdırdı...

Bütün Qarabağsız ölən qarabağlı xanəndələrin əvəzinə – onların ömrünü yaşamağı bacardı... Deyirdi, birdən ölərəm, Ağdamı görmərəm... Gördü, öldü... Ona bir Ağdamı görmək lazım imiş, görsün, rahatlayıb ölsün...

*

Beynəlxalq Muğam Mərkəzində Arif Babayevlə vida mərasiminə toplaşmışıq. Cənazəni gözləyirik. Əməkdar jurnalistlər İlqar Əlfioğlu ilə Səadət Məmmədovanı gördüm. Onların içəri girməyi ilə Muğam Mərkəzinin səsucaldıcılarından Arif Babayevin ifasında “Mirzə Hüseyn segahı”nın səslənməsi bir oldu.

– Babam deyərdi, Arif Babayev “ləyaxlı” xanəndədi, – İlqar müəllim xatirələrini yada saldı.

Bu cümləni eşidib həm Səadət Məmmədovaya, həm İlqar Əlfioğluya başsağlığı verdik. İlqar müəllim illərdi qarabağlı xatirələrini yazır, danışır, Ağdamdan söhbət açır, Arif Babayev elə onun da kisəsindən getdi... Səadət Məmmədova isə “Ağdam və mən”lə ağdamlı xatirələrin bərpa-quruculuq işlərini aparır, fəhlələrlə, texnika ilə çiyin-çiyinə Ağdamı təzədən qurmaq istəyir. İndi xatirələrin bərpasına kömək edəcək ən vacib şəxsiyyətlərdən biri ilə vidalaşmağa gəlmişik....

Vida mərasimində gözüm iki nəfəri axtardı: Aqil Abbası, Qulu Ağsəsi... Arif Babayev sonuncu dəfə səhnədə olanda bir də gördük Aqil Abbas içəri girib iki-üç addım irəlilədi. Qollarını qoynuna qoyub xeyli səhnədəki səssiz Arifə tərəf zilləndi. Yanımdakılardan biri dedi ki, özü də yaşlanıb, ona görə lap kədərlidi... Day o adam bilmirdi ki, Aqil Abbas səsini itirib, Ağdamın səsi, Aqilin səsi, elə bir fərqi yoxdu... Bu gün Aqil Abbas da itirdi...

... Qulu Ağsəsi ilk dəfə idi belə donuq görürdüm. Qılığına girib bir az danışdırmaq istədim, gördüm, yox, hələ havalıdı.

– Gülablıdan Sarıhacılıya nə qədər olardı? – sağollaşanda Qulu Ağsəsdən soruşdum.

– Arifin səsi ilə bir saniyə, – asta səslə cavab verdi.

...Arif Babayev hələ adını bilmədiyimiz sədanı dinləmək üçün  gözlərini əbədi yumanda dan yerindən qalxan Günəş gecəqonduların, göydələnlərin damlarını yenicə ağartmışdı. Bu xəbər yayılanda Bakıda gün işığı ilə ağaran damların gözü olsaydı, burdan kilometrlərlə uzaqlarda yaraları sarılan Ağdama boylanardı. Bu yenicə ağaran damların dili olsaydı, üzü Ağdama sarı xəbər yollayardı. Deyərdi, bağrından qopan səs havaya qoşulub, buludlar arasında itib sənə tərəf gəlir.

Bu gün ruhlar şəhəri Ağdam Arif Babayevin səsini qarşıladı. Ayaq üstə, alqışlayaraq, adına layiq!

*

Arif Babayevi görkəmli geoloq, ulu neftçi Xoşbəxt Yusifzadənin solunda dəfn elədilər. Xoşbəxt müəllimin sağında isə mərhum xanəndə Əlibaba Məmmədovun məzarı var. Onları bir vaxt neftdən sonra büsbütün dəyişən Bakı ayırırdı. Sonra birləşdilər, xoşbəxt birləşdilər, xoşbəxt ayrıldılar...

*

Evə getməmişdən əvvəl nənəmə baş çəkmək üçün yaşadığı mənzilə yollanıram. Yol boyu Arif Babayevin həyat yoldaşı Gültəkin xanımın dayısı Zakir əmini xatırlayıram. Babamla Zakir əmi tələbə vaxtından dostluq edirdilər. Sonra babam da, o da xəstələndi, əlaqə kəsildi. İndi nə babam həyatdadı, nə Zakir əmi... Telefon kitabçamızda Zakir əminin adının yanında soyadı da yazılmışdı. Nə qədər çalışsam da, soyadını yadıma sala bilmirəm. Telefona əl atıb onun soyadını soruşmaq üçün atama zəng etmək istəyirəm. Birdən yadıma düşür ki, atam 20 gün əvvəl vəfat edib... Nənəmgilə çatan kimi ona Arif Babayevin ölüm xəbərini verirəm. Çox məyus olur, kövrəlir... Atam ölən günün sabahısı dedi ki, radionu yığışdır, qoy şkafa. 20 gündür radioya qulaq asmır... Arif müəllimin ölüm xəbərini eşidəndən yarım saat sonra yenidən məni yanına çağırdı. Dedi, radionu gətir qoş, Arifin ifalarını verəcəklər, yəqin... Radionu qoşdum. Arif Babayev oxuyurdu. Nənə-bala dəqiqələr uzunu danışmadan-tərpənmədən qulaq asdıq:

“Sənsiz, ey şux, mənim xoş güzaranım yoxdur,

Sən ki yoxsan, elə bil cismdə canım yoxdur...”

Nadir Yalçın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
qafqazinfo.az

2Mənbələr